Təyyarələrin uçuşa yararlılığının saxlanılması – Qaydası

Təyyarələrin uçuşa yararlılığının saxlanılması – Qaydası

Azərbaycanda hava gəmilərinin və onların komponentlərinin uçuşa yararlılığının saxlanılması qaydası təsdiqlənib.

AzerTimes xəbər verir ki, bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası qərar qəbul edib.

Qaydada qeyd olunub ki, hava gəmisinin və onun komponentlərinin uçuşa yararlılığının saxlanılması hava gəmisinin mülkiyyətçisi qismində hava gəmisinin sahibi tərəfindən təmin edilir.

Hava gəmisinin mülkiyyətçisi qismində hava gəmisinin sahibi hava gəmisinin və onun komponentlərinin uçuşa yararlılığının təmin olunması üçün aşağıdakı tədbirləri görməlidir:

– hava gəmisinin uçuşa yararlı vəziyyətdə saxlanılması;

– uçuş əməliyyatlarının həyata keçirilməsini, eləcə də hava gəmisinin istismarı zamanı baş verə biləcək qəza hallarının mənfi təsirlərinin azaldılmasını təmin edən avadanlıqların hava gəmisinin istehsalçısı tərəfindən müəyyən edilən təlimatlara uyğun şəkildə hava gəmisində quraşdırılması və istismara yararlı olması, eləcə də həmin avadanlıqlar istismara yararlı olmadıqda bu barədə məlumatların hava gəmisinin texniki jurnalında ətraflı qeyd edilməsi;

– hava gəmisinin uçuşa yararlılıq sertifikatının etibarlı olması;

– hava gəmisinin və onun komponentlərinin uçuşa yararlılığının saxlanılmasının idarə edilməsinin, habelə hava gəmisinə texniki xidmət göstərilməsinin nazirlik yanında Dövlət Mülki Aviasiya Agentliyinin sertifikatlaşdırdığı təşkilatlar tərəfindən həyata keçirilməsi;

– hava gəmiləri üçün texniki xidmət proqramının təsdiq edilməsi ilə bağlı tədbirlərin görülməsi, həmçinin texniki xidmətin həmin proqrama uyğun olaraq həyata keçirilməsi.

Hava gəmisinə texniki xidmət göstərən təşkilatlar hava gəmisinə və onun komponentlərinə texniki xidmətlə bağlı lazımi işlərin yerinə yetirilməsini təmin etməlidirlər.

Hava gəmisinin kapitanı (komanda verən pilotu) və ya kommersiya hava daşımaları üzrə istismarçı hava gəmisinin istismara yararlılığına əmin olmaq üçün hava gəmisinə uçuş öncəsi baxışın keçirilməsi ilə bağlı tədbirlər görürlər. Qeyd edilən baxış həmin hava gəmisinin istismara buraxılışını təsdiq edən personalın iştirakı olmadan hava gəmisinin kapitanı (komanda verən pilotu) və ya digər ixtisaslaşmış mütəxəssislər tərəfindən həyata keçirilir.

Kommersiya hava daşımaları zamanı istifadə olunan hava gəmisinin istismarçısı öz istismarçı sertifikatında qeyd edilən hava gəmiləri üçün uçuşa yararlılığın saxlanılmasını idarə edən təşkilat kimi sertifikata malik olmalıdır. Digər hallarda istifadə olunan hava gəmisinin uçuşa yararlılığın saxlanılmasının idarə edilməsi istismarçı (hava gəmilərinin və onların komponentlərinin uçuşa yararlılığının saxlanılmasını idarə edən təşkilat kimi sertifikata malik olduğu halda) və ya istismarçı ilə bağlanılmış müqavilə əsasında uçuşa yararlılığın saxlanılmasının idarə edilməsi üzrə müvafiq sertifikata malik olan təşkilat tərəfindən yerinə yetirilir.

Texniki xidmət hava gəmisinin istismarçısı (texniki xidmət göstərən təşkilat kimi sertifikata malik olduğu halda) və ya uçuşa yararlılığın saxlanılmasını idarə edən təşkilat (uçuşa yararlılığın saxlanılmasının idarə edilməsi müvafiq sertifikat əsasında istismarçı tərəfindən həyata keçirildiyi halda isə istismarçı) ilə bağlanılmış müqavilə əsasında texniki xidmətin göstərilməsi üzrə müvafiq sertifikata malik olan təşkilat tərəfindən yerinə yetirilir.

Teqlər: