Teymur Musayevlə ÜST-ün Baş direktoru arasında görüş keçirilib (FOTO)

Ümumdünya Səhiyyə Assambleyasının 75-ci sessiyası çərçivəsində
səhiyyə naziri Teymur Musayevlə Ümumdünya Səhiyyə Təşkilatının
(ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus arasında görüş
keçirilib.

Səhiyyə Nazirliyindən AzerTimes-a bildirilib ki, görüşün əvvəlində
Teymur Musayev Tedros Adhanom Qebreyesusu Ümumdünya Səhiyyə
Təşkilatının Baş direktoru vəzifəsinə ikinci müddətə seçilməsi
münasibətilə təbrik edib. O, ötən müddət ərzində Təşkilatın
Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Daha sonra nazir COVID-19 pandemiyası ilə mübarizədə ölkəmizin
uğurlu təcrübəsini paylaşaraq, vaksinasiya səviyyəsinin əhalinin
hədəf qrupu üzrə 90%-dən artıq olduğunu, Azərbaycanın “COVAX”
təşəbbüsünə qoşulan ilk ölkələr sırasında yer aldığını diqqətə
çatdırıb, həmçinin son dövr ərzində əhalinin sağlamlığının
qorunması məqsədilə aparılan islahat tədbirlərinə dair məlumat
verib.

Təşkilatın Baş direktoru cənab Tedros Adhanom Qebreyesus
Azərbaycan Prezidenti cənab İlham Əliyevin ÜST ilə əməkdaşlığa
verdiyi önəmi yüksək qiymətləndirib. Xüsusən pandemiya dövründə
ölkəmizin Təşkilata etdiyi humanitar yardımları, eyni zamanda
xəstəliyin aradan qaldırılması məqsədilə ölkələri birgə əməkdaşlığa
səsləyən qlobal çağırışları xatırladıb.

Cənab Qebreyesus Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə sıx
təmaslarının olduğunu diqqətə çatdıraraq iyun ayında keçiriləcək
Forumda iştirakını səbirsizliklə gözlədiyini bildirib. Forum
çərçivəsində Tedros Adhanom Qebreyesus ilkin səhiyyə xidmətləri
sahəsində Azərbaycanda görülən işlərlə yaxından tanış olmaq
istəyini diqqətə çatdırıb.

Sonda tərəflər arasında Təşkilatın səhiyyə böhranlarına hazırlıq
və cavab tədbirlərinin gücləndirilməsi, akademik fəaliyyətin
genişləndirilməsi, eləcə də digər qarşılıqlı maraq kəsb edən
məsələlərə dair fikir mübadiləsi aparılıb.

Teqlər: