Teymur Musayev Rusiya nümayəndə heyətini qəbul edib

Xəbər - Samir Əli – Trend:

Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Rusiya Sənaye və Ticarət Nazirliyinin Xarici Ticarət Sahəsində Beynəlxalq Kooperasiya və Lisenziyalaşdırma Departamentinin direktoru Roman Çekuşovun rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti ilə görüşüb.

Səhiyyə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, görüş zamanı tərəflər əczaçılıq sənayesində gələcək əməkdaşlığın perspektivlərini, həmçinin tibbi aviasiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.

Öz çıxışında Teymur Musayev ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən tibb sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayıb. O, həmçinin Rusiya Federasiyasının səhiyyə nazirinin cari ilin iyulunda Bakıda səfərdə olduğunu və rusiyalı həmkarı ilə görüş zamanı tərəflər arasında “Rusiya Federasiyası Səhiyyə Nazirliyi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi arasında səhiyyə sektorunda əməkdaşlığın prioritet sahələrinin inkişafına dair 2021-2024-cü illər üçün Yol xəritəsi”nin imzalandığını xatırladıb.

Rusiya nümayəndə heyəti çıxışlarında ölkələrimiz arasında əczaçılıq sənayesində uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayıblar. Qeyd edilib ki, dərman təminatı sahəsi ən mühüm və sosial əhəmiyyətli sahələrdən biridir. Vurğulanıb ki, dərhal təcili tibbi yardımın göstərilməsi insan sağlamlığının və həyatının qorunmasında əsas vasitələrdən biridir. Rusiya nümayəndə heyəti ölkələrinin tibbi aviasiyanın inkişafında böyük təcrübəsini nəzərə alaraq, bu sahədə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.

Görüşün sonunda tərəflər əməkdaşlığın bundan sonra da davam etdirilməsi barədə razılığa gəliblər.

Teqlər: