Lətif Zeyniyev Səhiyyə Nazirliyinin K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna direktor təyin edilib.
AzerTimes xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev müvafiq əmr imzalayıb.
Qeyd edək ki, Lətif Zeyniyev Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini 2003-cü ildə fərqlənmə diplomu ilə bitirib.
2003-2004-cü illərdə M.Nağıyev adına Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasında “Uşaq cərrahiyyəsi” ixtisası üzrə internatura keçib.
2004-2007-ci illərdə Azərbaycan Tibb Universitetinin “Uşaq cərrahlığı” kafedrasında əyani aspirantura təhsili alıb.
2008-2014-cü illərdə Azərbaycan Tibb Universitetinin “Uşaq cərrahlığı” kafedrasında assistent kimi çalışıb.
2010-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə “Tibb üzrə fəlsəfə doktoru” alimlik dərəcəsini alıb.
2014-2023-cü illərdə Almaniyanın Hannover, Düsseldorf və Ştutqart şəhərlərində uşaq cərrahı olaraq assistent – həkim, mütəxəssis – həkim, baş mütəxəssis – həkim, idarəedici baş mütəxəssis – həkim vəzifələrində fəaliyyət göstərib.