Noyabrın 18-də Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və BMT-nin Uşaq Fondunun (UNİCEF) ölkəmizdəki nümayəndəliyinin dəstəyi ilə Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu keçiriləcək.
Səhiyyə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, tədbir ərəfəsində səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev forum iştirakçılarının bir qrupu ilə görüşüb.
Səmimi şəraitdə keçən görüşdə Teymur Musayev Prezident İlham Əliyevin uşaqların sağlamlığının qorunmasına hər zaman xüsusi diqqət və qayğı göstərdiyini, onların hüquqlarının qorunması və müdafiəsi Azərbaycan dövlətinin prioritetləri sırasında olmasını vurğuladı. Dövlət başçısının Sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan edilməsini və həmin ildən etibarən Ümumrespublika Uşaq Forumun artıq beşinci dəfə keçirilməsini vurğulayaraq, səhiyyə nazirinin birinci müavini bu tədbirin uşaqların həyatında əhəmiyyətli hadisə kimi, eyni zamanda onların gələcək inkişafında mühüm olmasına əminliyini bildirib. Onun sözlərinə görə, forum dövlət orqanlarının, ictimaiyyət və vətəndaş cəmiyyətinin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltmək baxımından əhəmiyyətlidir və uşaqlara öz problemlərini səsləndirmək, təşəbbüslərlə çıxış etmək və tövsiyələr vermək imkanı yaradır.
Səmimi qəbula görə minnətdarlığını bildirən forum iştirakçıları dövlətin qayğısını daim hiss etdiklərini vurğuladılar. Onların sözlərinə görə, təhsil, sağlamlıq, sosial müdafiə, asudə vaxtı, internet təhlükəsizliyi, vətənpərvərlik kimi mövzulara həsr olunan V Ümumrespublika Forumu liderlik bacarıqları və uşaq hüquqları sahəsində analitik düşüncə qabiliyyətinə malik uşaqların seçilməsi üçün gözəl bir fürsətdir.
Sonra Teymur Musayev forum iştirakçılarını maraqlandıran sualları (Valideynlərə övladların sağlamlığı ilə bağlı verdiyiniz ən vacib məsləhətlər hansılardır? Vaksinasiya olunmuş və olunmamışlar arasında mümkün risklər nədən ibarətdir? Postpandemiya sonrası səhiyyə strategiyamız nə şəkildə olacaq? və s.) cavablandırdı.
Sonda xatirə şəkli çəkdirilib.