Səhiyyə naziri Teymur Musayev Ankarada türkiyəli həmkarı
Fahrettin Koca ilə görüşüb.
Trend-in məlumatına görə, Teymur Musayev görüş zamanı qeyd edib
ki, bu gün səhiyyə nazirliklərimiz arasında imzalanacaq
2022-2023-cü illər üçün Əməkdaşlıq üzrə Yol Xəritəsi bütünlükdə
ölkələrimizin səhiyyə sektorunun inkişafı yolunda mühüm rol
oynayacaq.
“Səhiyyə qurumlarımız arasında rəsmi münasibətlərin qurulması
müasir Azərbaycan Respublikasının müstəqilliyinin ilk illərinə
təsadüf edir. Hazırda Azərbaycan Tibb Universiteti Türkiyənin 20-yə
yaxın universiteti ilə əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində
azərbaycanlı tələbələr Türkiyənin təhsil müəssisələrində təcrübə
keçir və tədris olunan onlayn dərslərdə iştirak edir. Azərbaycan
səhiyyə sisteminin rəqəmsallaşdırılması Səhiyyə Nazirliyinin
qarşısına qoyulan prioritet tapşırıqlardan biridir. Türkiyəli
həmkarlarımızla rəqəmsal səhiyyə sahəsində dəfələrlə
müzakirələrimiz və görüşlərimiz olub, dəstəyinizi hiss edirik”, –
deyə T.Musayev əlavə edib.