Təsviri sənət və memarlıqla bağlı qabiliyyət imtahanı proqramları təsdiq olunub

Dövlət İmtahan Mərkəzində təsviri sənət və memarlıq
istiqamətləri üzrə keçiriləcək xüsusi qabiliyyət imtahanlarını
müzakirə etmək məqsədilə bir sıra ali təhsil müəssisələrinin rəhbər
şəxsləri ilə görüş keçirilib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, görüşdə DİM-in
Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova,
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tədris və tərbiyə işləri
üzrə prorektoru Azad Zeynalov, Elm və yaradıcılıq işləri üzrə
prorektoru Fuad Salayev, Qrafika kafedrasının müdiri Rəsul
Hüseynli, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Beynəlxalq
əlaqələr üzrə prorektoru Nərgiz Abdullayeva, ali təhsil
müəssisələrinin ekspertləri və DİM-in İmtahanların təşkili və
idarəedilməsi departamentinin müdiri Azər Bağırov iştirak edib.

İclasın əsas məqsədi bu il təsviri sənət istiqaməti üzrə
keçiriləcək xüsusi qabiliyyət imtahanlarını müzakirə etmək
olub.

Görüş iştirakçıları xüsusi qabiliyyət imtahanları ilə bağlı
fikir mübadiləsi aparıb. İclasın yekununda cari ildə təsviri sənət
və memarlıq istiqamətlərinə aid komissiyalarda imtahan fənləri və
qabiliyyət imtahanı proqramları təsdiq olunub.

Abituriyentlərin nəzərinə çatdırırıq ki, qabiliyyət imtahanları
üzrə qəbul proqramları yaxın günlərdə “Xüsusi qabiliyyət
imtahanları” jurnalında dərc olunacaq.

İştirakçılar görüşdən sonra DİM-də yaradılan və ölkəmizin milli
qiymətləndirmə üzrə tarixini əks etdirən muzeylə də tanış
olublar.

Teqlər: