Tərtərin Talış kəndində bir nəfər minaya düşüb

Fevralın 18-də saat 18 radələrində vətəndaşlar Bəxtiyar Mahmudov və qohumu Elşən Abbasovun “Niva” markalı dövlət nömrə nişanı məlum olmayan avtomobillə Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndi ərazisində tank əleyhinə minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Tərtər rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə, aparılmış istintaqla qeyd edilən şəxslərin işğaldan azad olunmuş əraziyə gələrək avtomobildən enmələri, Bəxtiyar Mahmudovun avtomobilin ön hissəsinə keçərək minaya düşməsi müəyyən edilmişdir.

Prokurorluq əməkdaşları, o cümlədən prokuror-kriminalistlər tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə keçirilən baxış zamanı həmin ərazidə meyit fraqmentləri aşkar edilmiş, həmin fraqmentlərin Bəxtiyar Mahmudova aid olub-olmamasını müəyyən etmək məqsədilə məhkəmə tibbi-genetik ekspertizası təyin edilmiş, eyni zamanda hadisənin şahidi olmuş Elşən Abbasov dindirilmişdir.

Faktla bağlı Tərtər rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanılmışdır.

Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Teqlər: