Xəbər - Elçin Mehdiyev – Trend:
44 günlük müharibə zamanı Ermənistan Silahlı Qüvvələrinin ərazimizə təcavüzü nəticəsində ən çox ziyan görmüş rayon Tərtərdir. Burada ümumilikdə 6000-ə yaxın tikiliyə zərər dəyib. Bunlardan 57 yaşayış evi və 5 qeyri-yaşayış obyekti tamamilə dağıdılıb, digərlərinə qismən ziyan dəyib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən AzerTimes-a verilən məlumata görə, dövlət başçısının tapşırığına əsasən, 5600-ə yaxın tikilinin təmir-bərpası, 44 yaşayış evi və 4 qeyri-yaşayış obyektinin tikintisi yekunlaşdırılaraq sahiblərinə təhvil verilib. Hazırda 13 yaşayış evi və 1 qeyri-yaşayış obyektinin inşası, 300-dən çox tikilinin təmir-bərpa işləri davam edir. Tərtər rayonu üzrə işlərin tez bir zamanda yekunlaşdırılması üçün bütün qüvvələr cəlb edilib.
Qeyd edək ki, 11 şəhər və rayon ərazisində Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində ziyan dəymiş tikililərin inşası və təmir-bərpa işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında həyata keçirilir.
11 şəhər və rayon ərazisində 13000-dən çox tikiliyə ziyan dəyib ki, hazırki mərhələdə onlardan 12000-dən çox yaşayış və qeyri-yaşayış obyekti üzrə tikinti və təmir-bərpa işləri artıq yekunlaşdırılıb.