Xəbər - Samir Əli – Trend:
Tərtər rayonunda ər arvadını küçədə qətlə yetirib.
Tərtər rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə, iyunun 18-i saat 11 radələrində Tərtər rayonu ərazisində 1995-ci il təvəllüdlü Arzu Abbasovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1987-ci il təvəllüdlü Anar Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Arzu Abbasovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Anar Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.