Tərtərdə antisanitar şəraitdə işləyən müəssisə bağlanıb (FOTO)

Xəbər - Çingiz Səfərli – Trend:

Tərtərdə antisanitar şəraitdə fəaliyyət göstərən şirin qarğıdalı çubuqları istehsalı müəssisəsi bağlanıb.

Bu barədə Trend-ə Qida Təhlükəsizliyi agentliyindən məlumat verilib.

Məlumata görə, daxil olan vətəndaş müraciəti əsasında Agentlik əməkdaşları tərəfindən Tərtər rayonu, Ədalət Paşayev küçəsində fəaliyyət göstərən, sahibkar Həsənov Anar Mehman oğluna məxsus şirin qarğıdalı çubuqları istehsalı müəssisəsinə baxış keçirilib.

Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, həmçinin müəssisədə qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalara əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativ aktların tələblərinə cavab vermədiyi məlum olub.

Belə ki, xammal olaraq istifadə edilən qarğıdalı unu, rəngləndirici maddələr, vanil və saxarozanın müvafiq müşayiətedici sənədlərlə təmin olunmadığı, işçi heyətin ilkin və dövri olaraq tibbi müayinədən keçirilmədiyi, müəssisədə dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin görülmədiyi aşkar olunub.


Aşkar edilmiş faktlarla bağlı sahibkar inzibati məsuliyyətə cəlb olunub, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Araşdırmalar davam etdirilir.

Twitter: @cingizsafarli

Teqlər: