2017-ci ilin mayında Tərtər hadisələri zamanı işgəncə
nəticəsində öldürülənlərdən biri Elçin Mətləb oğlu Quliyev
barəsində bəraət hökmü çıxarılıb.
Bu barədə AzerTimes-a mərhumun anası Validə Əhmədova məlumat
verib.
Validə Əhmədova bildirib ki, bu gün oğlu Elçin Quliyevə bəraət
verilməsi ilə bağlı qərar ona təqdim olunub.
Qeyd edək ki, Ermənilərə casusluq – dövlətə xəyanət ittihamıyla
onun barəsində başlanmış cinayət işinə öldüyünə görə 2017-ci ilin
dekabrında bəraətverici əsaslar olmadan xitam verilmişdi. Həmin
qərarı o zaman hərbi prokurorun müavini Şəfahət İmranov
çıxarmışdı.
2021-ci ilin dekabrında Tərtər işi üzrə istintaq yenilənəndən
sonra Baş prokuror Kamran Əliyev Elçin Quliyev haqqında sözügedən
qərarı ləğv edib. Baş prokuror 31 yanvar 2022-ci ildə Şəfahət
İmranovun həmin qərarının ləğvi haqqında yeni qərar imzalayıb. Yeni
qərar fevralın 7-də mərhum Elçin Quliyevin anası Validə Əhmədovaya
təqdim olunub.
Bu gün isə mərhum Elçin Quliyev barəsində bəraət hökmü
çıxarılıb.