Kreml real terror qruplaşmalarına qarşı tədbir görmədiyi üçün Rusiya ərazisində terror aktları davam edəcək.
AzerTimes xəbər verir ki, bunu Ukrayna ordusunun ehtiyatda olan general-mayoru Viktor Yaqun deyib.
“Rusiyanın daxili işlər nazirinin müşaviri Vladimir Ovçinnikov bildirib ki, “Krokus Siti Holl”da terrorçuları onlara quraşdırılmış çiplərdən istifadə etməklə idarə ediblər. Bu, Daxili İşlər Nazirliyinin general-mayorunun sözləridir və onların axmaqlığının səviyyəsini başa düşməyə kifayət edir. Yəni bütün dünya onların ruhi xəstə olduğunu başa düşdü. Rusların problemi odur ki, onları bu cür adamlar idarə edir. Putin terror aktına görə Ukraynanı günahlandırdı və indi onun əlaltıları Putinin sözlərini təsdiqləmək üçün nəsə fikirləşməyə çalışırlar”, – o bildirib.
Yaqun qeyd edib ki, Putin rejimi terrorçularla mübarizədə zəif və qeyri-peşəkardır:
“Rusiya üçün problemlər yeni başlayır. Dünya kəşfiyyat orqanları ilə danışıqlar aparmaq əvəzinə, səfehliklə məşğuldurlar. Rejim bu problemlə həqiqətən mübarizə aparmağa çalışmır.
Rejimin bu cür qeyri-peşəkarlığı və zəifliyi Rusiya ərazisində daha böyük terror aktlarına səbəb olacaq. Çünki onlar terrorçu qruplara qarşı real addım atmırlar”.