Massaçusets Texnologiya İnstitutunun mütəxəssisləri, tərləyən zaman avtomatik olaraq havalandırma sistemini işə salan yeni köynək yaradıblar.
Köynək, bakteriyaların hesabına çalışır. İnstitutun biomühəndisi Wen Wang, öz əməkdaşları ilə birlikdə kiçik havalandırma klapanlarına sahib və lateksdən hazırlanmış köynək yaradıblar. Həmin havalandırma klapanları, orqanizmin nə qədər istilik ifraz etməsindən asılı olaraq açılıb-bağlanırlar. Maraqlısı isə ondadır ki, klapanlar, bakteriyaların hesabına idarə olunur. Bakteriyalar, nəmişlik miqdarı çox olan zaman genişlənir, hava quru olanda isə kiçilirlər. Mütəxəssislər öyrəniblər ki, bakteriyaların bu cür reaksiyaları, köynəkdəki məsamələri açmaq gücünə sahibdir. Beləliklə alimlər, ot çubuğundan (torpaqda rast gəlinən bakteriya növü) istifadə edib, dəri temperaturuna reaksiya verən klapanlara sahib 3 laylı köynək yaradıblar.
Könüllülər, xüsusi köynəkləri, qaçış və velosipeddən istifadə zamanı geyiniblər. Təcrübə əsnasında məlum olub ki, köynəkdəki klapanlar, məşqin təqribi olaraq 5-ci dəqiqəsində açılmağa başlayıblar. Bu vasitə ilə tər tamamilə buxarlanıb, dəri temperaturu isə aşağı düşüb. Qeyd olunub ki, həmin klapanlar, insan anatomiyasına uyğun olan yerlərdədir. Məsələn, onların ən böyükləri, insan orqanizminin ən çox istilik ifraz etdiyi hissələrində yerləşir. Məhsulu kommersiya məqsədli etmək üçün alimlər həmin köynəyi yumaq üçün əlverişli etməlidirlər. Qeyd etmək lazımdır ki, idman geyimləri üzrə fəaliyyət göstərən məşhur “New Balance” şirkəti, bu məsələ ilə bağlı alimlərlə qarşılıqlı əlaqəyə keçib.