Bu yaxınlarda təqaüdə çıxan və uzun illər Bakı şəhəri Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsi Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışan Vaqif Əsədov 147-cı mətbuat günü münasibətilə jurnalist və mətbuat, media işçilərini təbrik edib.
AzerTimes-a göndərdiyi təbriki sizlərə təqdim edirik:
“Mənim üçün unudulmayan, əziz və çox hörmətli mətbuat nümayəndələri, xanımlar və cənablar!
22 iyul Milli Mətbuatımızın 147 illiyi təntənə ilə keçirilir. Cəmiyyətimizin aynası, ictimai fikrin inikası, xalqımızın aydınları olan və bütün sahələr üzrə vətəndaşlarımızı maarifləndirən jurnalistlər, mətbuat əhli öz peşə bayramını qeyd edir. Bu münasibətlə hər birinizi səmimi qəlbdən təbrik edir Sizə uzun ömür, möhkəm can sağlıgı, ailə səadəti, sevincli günlər, peşə fəaliyyətinizdə daim uğurlar qazanmağı arzu edirəm. Qələminiz hər zaman kəsərli, sözünüz mənalı, fikriniz məzmunlu olsun.
Əlavə olaraq bildirim ki, uzun illərdir əl-ələ verib yol hərəkətinin təhlükəsizliyinin təbliği sahəsində sizinlə birgə çalışmışıq.
Dəyərli həmkarlarım olaraq Yol Polisinin fəaliyyətini hər zaman yüksək qiymətləndirmiş, aparılan təbliğat və təşviqat işlərini peşəkarlıq və qələminizin gücü ilə ictimaiyyətə çatdırmısınız. Hər zaman Dövlət Yol Polisinin xidmətinə olan diqqətinizi, qayğınızı və şəxsən mənimlə səmimi əməkdaşlığımıza verdiyiniz önəmi yüksək qiymətləndirir, hər birinizə dərin təşəkkür edirəm.
Ümid edirəm ki, gələcəkdə də vətənimizin xalqımızın, millətimizin xoşbəxt gələcəyi naminə birgə daha çox işlər görəcəyik.
Bu gün, təqaüddə olmağıma baxmayaraq, keçmiş həmkarınız kimi hər zaman sizə dəstək olmağımı fəxrlə qeyd edirəm.
Dərin hörmət və ehtiramla,
Vaqif ƏSƏDOV”