“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və “Azerlotereya” ASC-nin birgə təşkilatçılığı ilə keçirilən “Əmanətə Sədaqət” layihəsi çərçivəsində təhsil ilinin başlanması ilə əlaqədar yeni tələbə adını qazanmış təqaüdçü şəhid övladları ilə görüş keçirilib.
AzerTimes xəbər verir ki, müxtəlif yerli və xarici universitetlərə yeni qəbul olmuş 30-dan çox şəhid övladının iştirak etdiyi görüşdə “Əmanətə Sədaqət” layihəsi çərçivəsində baş tutan silsilə tədbirlər barədə qısa məlumat verilib.
Tədbirdə iştirak edən “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə çıxış edərək tələbə adını qazanmış şəhid övladlarını təbrik edib və onlara gələcək həyatlarında uğurlar arzulayıblar. Təhsil müddəti boyunca hər zaman onları dəstəkləyəcəklərini və yeni-yeni uğurlar qazanmaq üçün onların yanlarında olacaqlarını bildiriblər.
Tədbirin sonunda gənc şəhid övladlarına hədiyyələr təqdim olunub.