Təlimçi Dr. Nəcəf Allahverdiyevlə müsahibə (FOTO)

Təlimçi Dr. Nəcəf Allahverdiyev -“KarnegiKlubun”un rəhbəri,
Biznes-trener, Couch, NLP-Master. “Moskva Ritorika və Natiqlik
Bacarığı Universiteti”nin aparıcı təlimçisidir, “Beynəlxalq
Trenerlər Assosasiyası”nın üzvüdür, Moskvada keçirilən “Beynəlxalq
oratorlar çempionatı”nın Mükafatçısıdır. Bugünədək 30.000 iştirakçı
ilə 6.000 saatdan ibarət 2.000 təlim keçmişdir.

Xərc baxımından baha başa gələməsinə və ya dil baryerinə
görə o qədər də effektiv olmamasına baxmayaraq, bir çox yerli
şirkətlər təlim mövzusu gələndə xarici trenerlərə üz tuturlar.
Sizcə buna səbəb nədir?

Bəli, çox aktual mövzudur. Artıq uzun illərdir ki,
Azərbaycandakı bir çox şirkətlər təlim təşkil edən zaman xaricdə
olan təlimçilərə üstünlük verirlər. Əvvəllər bunu yerli bazarda
kifayət qədər yüksək səviyyəli təlimçilərin olmaması ilə
əlaqələndirmək olardısa, indiki dövrdə isə bu ənənə uzun illərdən
qalan bir stereotipin təsiri kimi qiymətləndirilir. Maraqlıdır
xaricdən gələn təlimçilərin təlimlərindəki iştirakçılar
təəssüratlarını bölüşərkən məlum olur ki, bir çox mövzularda onlar
yerli təlimçilərdən daha az fayda verirlər. Bunun əsas səbəbi
onların milli spesifikanı, yerli bazarı və psixologiyanı
bilməmələridir.
Bu da təbii ki, öz növbəsində keçirilən
təlimin effektivliyinə təsir edir. Xaricdən dəvət edilən
təlimçilərin bir qisminin öz təlim sahələrində peşəkar olmadığını
nəzərə alsaq, vəziyyət çox acınacaqlı olur. Şirkətlərin təlimdən
əldə etdikləri “təlim keçirildi” xanasına bir “quş” qoymaq
olur.

Bəli dəvət edilən təlimçilər arasında peşəkarlara da rast gəlmək
olur. Bu halda təlimlərin qiyməti kəlləçarxa çıxmış olur.

Xaricdən təlimçilərin dəvət olmasının səbəblərindən biri də
natamamlıq kompleksinin olmasındadır. Bizimkidirsə, dəməli peşəkar
ola bilməz düşüncəsi. Halbuki son dövrdə yerli təlim sektorunda
çoxlu sayda peşəkar təlimçilər yetişib. Təvazökarlıqdan kənar olsa
da, mən bir təlimçi olaraq Türkiyə və Ukraynada təlim
vermişəm.
Hər iki ölkədə keçirdiyimiz təlimlərin effekti
və əks əlaqəsi yüksək səviyyədə olub.

Uzun illər boyu minlərlə insana həm açıq, həm də
korporativ formada şəxsi inkişaf təlimləri keçmisiniz. Nəticə
baxımından sizcə hansı formada olanda insanlar təlimlərinizdən daha
çox bəhrələnir? Fərdi olaraq müraciət edəndə, yoxsa korporativ
olaraq? Çünki birinin xərcini iştirakçı özü, digərini isə şirkət
qarşılayır.

Təcrübə onu göstərir ki, korporativ təlimlərdə daha çox şirkətin
maraqları nəzərə alınır. Bu da təbiidir.Korporativ təlimlərə
işçilər öncədən müəyyən qədər soyuq münasibət bəsləyirlər.

Peşəkar təlimçi bu soyuq ab-havanı isitməli, təlim
iştirakçılarını prosesə cəlb etməlidir.

Yaxşı yadımdadır, korporativ təlimlərin birində çox soyuq bir
auditoriya ilə rastlaşmışdım. Adətən təlimdən öncə və sonra
işçilərin psixoloji vəziyyətləri dəyərləndirilir. Həmin təlimdə
təlim öncəsi psixoloji durum 10 ballıq şkala üzərindən 1-3 arasında
idi. Təlimdən sonra bu rəqəm 9-10-a kimi yüksəldi. Təbii ki, bu
təlimin kontentinin düzgün qurulmasından və ümumilikdə təlimin
düzgün aparılmasından asılıdır. Təlimçi iştirakçılarda
düzgün motivasiya formalaşdırmalıdır.

Açıq formatda təlimlərə müraciət edən şəxslər isə mövzuları və
təlimləri öz istəklərinə, maraqlarına uyğun seçdiklərindən
motivasiyaları daha yüksək olur. Yəni korporativ təlimlər daha çox
şirkətlərin, açıq formatlı təlimlər isə iştirakçının şəxsi
inkişafına yönəlmiş olur.

Yeri gəlmişkən açıq fotmatda müraciət edənlər həm qrup
formasında həm də təkbətək – fərdi təlim ala bilir.

Sizin təlimlərə müraciət edənlər daha çox açıq şəkildə
olur, yoxsa korporativ şəkildə?

KarnegiKluba həm korporativ, həm də açıq formatda müraciətlər
edilir. Artıq yuxarıda sadaladığımız stereotiplər getdikcə qırılır
və nəinki yerli şirkətlər, hətta Azərbaycanda fəaliyyət göstərən
xarici şirkətlər də təlimlər üçün bizə müraciət edirlər. Misal
olaraq Lexus, Toyota, Red Bull kimi şirkətlər də bizim təlimlərdən
faydalanır. Bununla yanaşı Dövlət sektorunda Xarici İşlər
Nazirliyi, Təhsil Nazirliyi, Vergilər Nazirliyində təlimlər
keçmişik. Getdikcə korporativ şirkətlər yerli təlimçilərin dəyərini
bilir və dəvət edirlər. Fərdi formada, qrup şəklində təlimlər üçün
daha çox müraciət var. Nəzərə alsaq ki, KarnegiKlubda ilk
təlimdə iştirak ödənişsizdir
, insanlar gəlib təlimin
keyfiyyəti ilə qiymətin uyğunluğunu görür və özləri təlimi
bitirməklə yanaşı, başqalarına da bizim təlimləri məsləhət
görürlər. Məsələn valideynlər övladlarını təlimlərimizə göndərərkən
bir müddət sonra gördükləri dəyişikliklərdən sonra özləri də
təlimlərimizə qoşulur və ya yaxınlarını yönləndirirlər.
Təlimlərimizin keyfiyyəti fəaliyyətimizin rəngarəngliyinə və
genişlənməsinə şərait yaradır. Eyni zamanda KarnegiKlubda ümumi
təlimlərə qoşulmağa vaxtı olmayan şəxslər üçün fərdi təlimlər də
keçirilir. İstənilən halda iştirakçıların marağı və onlar üçün
şəraitin uyğunluğu nəzərə alınır.

İşçilərin bacarıqlarının inkişafına investisiya etmək
şirkətlərə nə qazandırır?

Azərbaycanda bir çox şirkət rəhbərləri işçilərinin şəxsi
inkişafına investisiya etməyin vacib olduğunu bilir. Lakin işçinin
inkişaf edib iş yerini dəyişməsi kimi ehtimallar rəhbərləri bu cür
investisiyalardan çəkindirir. Burada əsasən 2 yanaşma mövcuddur.
Birinci halda siz işçilərinizə heç nə öyrətmirsiniz, şəxsi
inkişaflarının və təhsil səviyyələrinin yüksəldilməsi istiqamətində
heç bir addım atmırsınız. Belə olduqda işçiləriniz heç bir inkişaf
etməyəcək və təbii ki bu, sizin biznesinizin də inkişaf etməməsinə,
hətta zamanla çökməsinə səbəb olacaq. İkinci yanaşma isə ondan
ibarətdir ki, siz işçilərinizə investisiya etməkdən çəkinmirsiniz,
onları təlimlərə dəvət edir, onlar üçün təlimlər təşkil edirsiniz
və onlar inkişaf etdikcə sizin biznesinizə dəyər qatır,
inkişafınızı sürətləndirirlər. Bəli, təbii ki bu proses zamanı bəzi
işçilərin getməsi labüddür. Yəni işçilərin şəxsi inkişafına
investisiya etmək istəyən rəhbər 2 seçim qarşısında qalır. Ya bu
investisiyadan çəkinir, nəticədə inkişaf etməyən işçilərlə birlikdə
öz biznesi də çökür, ya da investisiya etməkdən çəkinmir. Nəticədə
biznesi getdikcə böyüyür və dəyişən, yenilənən kollektivlə birlikdə
yoluna davam edir. Dünya təcrübəsinə əsasən 2-ci seçimə üstünlük
verildiyi müşahidə edilir. Məhz buna görə də daha böyük və biznesə
konseptual yanaşan şirkətlərin ya özlərinin təlim sektoru olur, ya
da kənardan təlimçilər dəvət edirlər.

Hansı təlimlərə daha çox üstünlük verilir? Ümumilikdə
təlimlərdə iştirak üçün yaş həddi varmı?

İstər korporativ, istərsə də açıq formada müxtəlif mövzularda
təlimlər keçirilir. Hazırda Xarizmatik Natiq təlimi trendə
çevrilib.
Bu təlimi 1000-dən çox insan bitirib.
75-ci qrupun fəaliyyəti may ayının 5-də
başlayacaq.
Xarizmatik Natiq təliminin əsas hədəfi özünə
güvən, şəxsi inkişaf, ünsiyyət bacarıqları, karyeranın inkişafında
insanların fərqli bir səviyyəyə çatdırılmasıdır. Kurs həftədə 2
dəfə olmaqla, 2 ay müddətində davam edir. Təlimdə iştirak edənlər
daha çox 25-40 yaş arasında olan, ali təhsilli, biznes, hüquq,
tibb, təhsilli sahəsinin mütəxəssisləri, müəllimlər və
sahibkarlardır. Təbii ki, iştirakçılarımız arasında valideynləri
tərəfindən göndərilən və ya özləri bu sahədə maraqlı olan gənclər
də olur.

Nəcəf müəllim, sizcə Universitet bitirmiş insanlara
təlimlər nə üçün lazımdır?

İnsanların əldə etdikləri bilgiləri 2 yerə bölmək olar. Bunların
bir qismi bilavasitə peşə bacarıqlarıdır.

Bu bilgiləri adəti üzrə məktəb və Universitetlər verir.

Bu bilgilərə ağır bilgilər – “Hard skills” deyilir.

Bununla yanaşı daha effektiv olmaq üçün daha çox psixoloji
səpkili bilgi və bacarıqlar da var ki, bunlar incə bilgilər – “Soft
skills” adlanır. Ünsiyyət bacarıqları, təqdimetmə, stressə
davamlılıq, zamanın idarə edilməsi, satış bacarıqları və s. bilgi
və bacarıqlar incə bilgilər hesab edilir. Bu, əksər hallarda məktəb
və universitetlərdə tədris olunmur. Bu mövzular bizim
təlimlərimizin mövzusudur və daha effektiv olmaq istəyən hər bir
kəs üçün çox önəmlidir. Artıq bütün dünya soft skills bilgilərinin
önəmini təsdiq edib və araşdırmalar göstərir ki, 10 ildən
sonra, robotlar “hard skills” -i öz üzərinə götürdükdən
sonra
məhz bu bilgilər insanlar üçün daha faydalı olaraq
gələcək peşələrin əsasını təşkil edəcək.

Teqlər: