Teleradio Akademiyasında təhsil almaq üçün nə etməli? – Ən aktual suallara cavab (FOTO)

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin
nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında artıq yeni
tədris ilinə start verilib.

İndiyə qədər akademiyanın 3 buraxılışı reallaşıb və xüsusi
istedadı, intellekti ilə fərqlənən 40-dan artıq müdavim televiziya
və radionun müxtəlif redaksiyalarında işlə təmin olunub.

Akademiyaya qəbulla bağlı QSC-yə və Teleradio Akademiyasına
çoxsaylı suallar ünvanlanır.

Ən çox ünvanlanmış və ən vacib sualları Akademiyanın
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov
cavablandırıb:

  • Teleradio Akademiyasında təhsil almaq istəyən şəxs ilk
    növbədə nə etməlidir?
  • “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Teleradio
    Akademiyasının elan etdiyi müsabiqədə iştirak etmək istəyənlər
    doğma vətənimizlə bağlı müxtəlif mövzularda, o cümlədən, qalib
    xalqımızın 44 günlük Zəfər savaşı, Qarabağdakı bərpa-quruculuq
    işləri, Azərbaycanın regionda lider dövlətə çevrilməsi və digər
    mövzularda esse yazmaq bacarığı ilə yanaşı, tarix, coğrafiya,
    ədəbiyyat, iqtsadiyyat, mədəniyyət, məntiqlə bağlı qənaətbəxş
    səviyyədə biliklərə sahib olmalıdır. Dinləyici adını qazanmaq
    istəyənlər dünyada baş verən ictimai-siyasi proseslərdən xəbərdar
    olmalı, müsahibləri ilə rahat ünsiyyət qurmaq bacarığı nümayiş
    etdirməli, ümumi dünyagörüşü ilə bağlı müəyyən sualları
    cavablandırmalıdır. Qəbul prosesi ilə baglı məlumat almaq
    istəyənlər Akademiyanın rəsmi sosial şəbəkələrində paylaşılan
    elanlarla tanış olmaq üçün rəsmi səhifələrə abunə olmalıdırlar ki,
    vaxtaşırı verilən elanlardan xəbərdar olsunlar. Eyni zamanda AzTV
    və “Mədəniyyət” kanallarında dövri şəkildə efirə verilən sosial
    reklam çarxlarını izləmək tövsiyə olunur. Müsabiqədə iştirak etmək
    istəyənlər CV-lərini e-mail ünvanımıza ([email protected])
    göndərə bilərlər. Ətraflı məlumat almaq üçün əlaqə nömrəmizə
    (012-537-02-23) zəng vuraraq Tədris hissə müdirinə müraciət edə
    bilərlər.
  • Ali təhsili olmayan şəxs Akademiyada təhsil üçün
    müraciət edə bilərmi?
  • Müsabiqədə televiziya və radio müxbiri, araşdırmaçı jurnalist,
    redaktor, işıqçı, rejissor, musiqi tərtibatçısı, montaj,
    qrafika-dizayn və operator peşələrinə yiyələnmək istəyən 30 yaşına
    qədər, ali təhsilli şəxslər iştirak edə bilər. Montaj və
    operatorluq kurslarına qatılmaq istəyənlər üçün ali təhsil
    arzuolunan hesab edilir, lakin vacib şərt kimi nəzərdə
    tutulmur.
  • Seçimlər necə aparılır?
  • Seçimlərdə iş təcrübəsi, xarici dil bilikləri və məntiqi
    təfəkkürü ilə fərqlənən iştirakçılara üstünlük verilir.
    Teleaparıcılıq kurslarına qatılmaq istəyənlərin səlis nitq
    qabiliyyəti və xarici görünüşü efirə uyğun olmalıdır.
  • Seçimlərdə kimlər iştirak edir?
  • Seçim turları Akademiyanın əməkdaşları, eləcə də televiziya və
    radioda uzun illər çalışan peşəkar mütəxəssislərdən ibarət
    komissiya tərəfindən həyata keçirilir.
  • Akademiyanı bitirdikdən sonra dinləyici nə
    qazanır?
  • Akademiyanın peşəkar mütəxəssisləri və nüfuzlu təhsil
    müəssisələrindən, dövlət qurumlarından dəvət olunan müəllimlər,
    həmçinin əcnəbi mütəxəssislər tərəfindən keçirilən dərslərin
    dinləyiciləri peşə sirlərinə dərindən yiyələnmək məqsədilə həm
    nəzəri dərslərdə, həm də praktik məşğələlərdə iştirak edirlər.

Dərslər 3 ay ərzində, səhər növbəsində keçirilir. 2 ay nəzəri, 1
ay müddətində isə praktik məşğələ formasında həyata keçirilən
təhsil ödənişsizdir. Kursu uğurla bitirən dinləyicilərə
Akademiyanın sertifikatı verilir. Daha böyük uğur qazanan
müdavimlər isə“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də
(AzTV, “Mədəniyyət” və “İdman” kanalları, 105 FM radiosunda)
çalışmaq şansı əldə edir. Hazırda Akademiyanın 4-cü buraxılışının
dinləyiciləri üçün tədris davam edir. Əvvəlki 3 buraxılışın
məzunlarından isə 40 nəfərdən artıq dinləyici işlə təmin olunub.
Gələcəkdə bu istiqamətdə təşəbbüsün daha da genişləndirilməsi
nəzərdə tutulur.

Qeyd edək ki, Teleradio Akademiyası “Azərbaycan Televiziya və
Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən tədris
müəssisəsidir. 2010-cu il iyunun 14-də fəaliyyətə başlayan
Akademiyanın maddi-texniki bazası və kadr potensialı tam
formalaşdırılıb, çəkiliş və montaj avadanlığı quraşdırılıb, çəkiliş
pavilyonları və səsyazma studiyaları yaradılıb. Akademiyanın
yaradılmasında məqsəd ali təhsil bazası əsasında peşəkar teleradio
mütəxəssislərinin hazırlanması, hazırda çalışan əməkdaşların
ixtisaslarının təkmilləşdirilməsidir. tədris zamanı yerli və xarici
mütəxəssislərlə yanaşı, Türkiyə, Rusiya, Avropa ölkələri, eləcə də
ABŞ-dan olan mütəxəssislər təcrübələrini bölüşmək üçün akademiyaya
dəvət edilir. Son iki il ərzində bir çox ölkələrin nüfuzlu təhsil
müəssisələri ilə (Nişantaşı, Sivas Cümhuriyyət universitetləri və
s.) əməkdaşlıq həyata keçirilib və beynəlxalq əlaqələr getdikcə
genişləndirilir.

Bu il təhsil müəssisəsinin tədris planına aparıcı-müxbir,
redaktor, rejissor, montaj və operator peşələrinə əlavə olaraq
musiqi tərtibatçısı, qrafik dizayner, araşdırmaçı jurnalist, səs
rejissoru kimi peşələr əlavə olunub.

Teqlər: