Tələbələrin istehsalat təcrübəsi necə həyata keçirilir? – SORĞU

Xəbər - İlhamə İsabalayeva – Trend:

Pandemiya ilə əlaqədar artıq ikinci ildir ki, ali məktəblərdə təcrübə ənənəvi formada keçirilmir.

AzerTimes-ın məlumatına görə, bu il fevralın 15-dən ali, orta ixtisas və peşə təhsili müəssisələrində praktik məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada bərpa olunub.

Tədris ilinin sonu yaxınlaşdıqca bir çox tələbələr üçün hər il ənənəvi olaraq, yay sessiyasından əvvəl keçirilən praktikaların hansı formada təşkili mövzusu da aktuallaşır.

Qeyd edək ki, bu il ilk dəfə olaraq, tələbələr üçün təcrübə proqramında onlayn formada iştirak da mümkün olub.

Martın 16-dan Bakı Musiqi Akademiyasında (BMA) təhsil alan III-IV kurs tələbələri artıq “Virtual məktəb”də təcrübə keçməyə başlayıblar. Hazırda digər ali təhsil müəssisələrində pedaqoji təhsil alan tələbələrin də “Virtual məktəb”də təcrübə keçmələrinə şərait yaratmaq üçün işlər görülür. Təcrübə proqramı ilə maraqlanan ali təhsil müəssisələri [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.

BMA-da aprelin 20-dək davam edəcək təcrübə proqramı çərçivəsində tələbələr Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasında V və VI sinif dərslərinə qoşulurlar. Tədris prosesində təhlükəsizliyin təmin edilməsi baxımından kənar şəxslərin dərslərə daxil olması mümkün deyil. Bunu nəzərə alaraq, təcrübə proqramında iştirak edən tələbələr siyahıya alınıb və yalnız təcrübə proqramı müddətində aktiv olacaq hesablarla dərslərə qoşula bilirlər.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov AzerTimes-a bildirib ki, hazırda tələbələrin laboratoriya məşğlələri onlayn qaydada keçirilir. Tələbələr müəllimlərin verdikləri tapşırıqları onlayn qaydada yerinə yetirirlər.

ADNSU-nun nəzdindəki Fransa-Azərbaycan Universitetində isə laboratoriya dərsləri əyani formada keçirilir.

B.Nəzərov əlavə edib ki, tələbələrin istehsalat təcrübəsinə artıq fevraldan başlanılıb və mayın 24-də bitəcək. Təcrübə universitetin əməkdaşlıq etdiyi 250-yə yaxın şirkətdə aparılır. Tələbələrin istehsalat təcrübəsi sanitar-epidemioloji vəziyyət nəzərə alınmaqla, həmçinin onlayn qaydada keçirilir. Hazırda sonuncu kursda təhsil alan 2300-ə yaxın bakalavrın təqribən 1400-ü diplomqabağı praktikanı müəssisələrdə keçir. Bunun üçün tələbələrin həftədə ən azı iki dəfə müəssisədə olması lazımdır. Pandemiya ilə əlaqədar bəzi müəssisələr tələbələri təcrübə keçmək üçün qəbul etmək iqtidarında olmadığından qalan 800-ə yaxın tələbə üçün universitetin kafedralarında onlayn dərslər keçirilir.

Bakı Dövlət Universitetindən AzerTimes-a verilən məlumata görə, Təhsil Nazirliyinin 2021-ci il 15 fevral tarixli məktubuna müvafiq olaraq bakalavriat səviyyəsi üzrə Kimya, Biologiya, Fizika, Ekologiya və torpaqşünaslıq, Geologiya fakültələri üzrə laboratoriya dərsləri, Şərqşünaslıq fakültəsi üzrə praktiki fənlərlə bağlı məşğələ dərsləri könüllülük əsasında ənənəvi formada təşkil olunub. Ümumilikdə, 170 qrup üzrə 3500 tələbə ənənəvi formada tədris prosesinə cəlb edilib. Tələbələrin 95%-dən çoxu ənənəvi və onlayn formada təşkil olunan dərslərdə aktiv şəkildə iştirak edir. Sonuncu kurs tələbələri üçün təcrübənin hansı formada təşkil ediləcəyi isə hələ bəlli deyil.

Bakı Slavyan Universitetinin Mətbuat və informasiya şöbəsinin müdiri Mənsur İbrahimov AzerTimes-a bildirib ki, praktik məşğələlər tələb edən ixtisaslar üzrə dərslər distant formada keçirilir:

“4-cü kurs tələbələri üçün nəzərdə tutulan təcrübələrlə bağlı deyə bilərəm ki, artıq Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və məktəblərə müvafiq məktublar göndərilib, müqavilələr bağlanılıb. Təcrübələrin onlayn formada və qismən ənənəvi formada keçirilməsinə başlanılıb”.


Azərbaycan Texniki Universitetinin (AzTU) mətbuat katibi Sevinc İsgəndərova AzerTimes-a bildirib ki, praktiki məşğələ tələb edən ixtisaslar da daxil olmaqla, bütün ixtisaslar üzrə tədris və laboratoriya dərsləri onlayn formada keçirilir. Tələbələrin dərslərdə davamiyyəti 90-95 faiz təşkil edir. Praktiki məşğələ və laboratoriya dərsləri tələb olunan ixtisaslar üzrə dərslər mövcud imkanlardan istifadə olunmaqla keçirilir. Belə ki, həmin dərslər virtual reallıq, animasiyalar, onlayn simulyatorlar vasitəsilə tələbələrə tədris olunur.

S.İsgəndərova qeyd edib ki, IV kurs tələbələrinin istehsalat təcrübələri də hazırda davam edir. Təcrübə paytaxt və bölgələrdə ümumilikdə 286 müəssisədə karantin qaydalarına uyğun şəkildə keçirilir:

“Bölgələrdə yaşayan tələbələrin təcrübə keçmələri üçün universitet tərəfindən həmin ərazilərdə olan texniki yönümlü müəssisələrlə danışıqlar aparılıb. Tələbələrimiz kilometrlərlə yol qət etmədən yaşadıqları rayonlara yaxın ərazidə yerləşən müəssisələrdə təcrübə keçirlər. IV kurs tələbələrinin istehsalat təcrübələri mayın sonuna kimi davam edəcək. Bundan başqa, elmi-tədqiqat təcrübələrini yekunlaşdıran II kurs magistrantlar 16 mart tarixindən elmi-pedaqoji təcrübədə iştirak edirlər. Onlayn formada davam edən elmi-pedaqoji təcrübə aprelin 12-nə kimi davam edəcək”.

Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova AzerTimes-a bildirib ki, praktiki məşğələ hesab olunan təcrübi dərslərin nəzəri hissəsi elektron sistem əsasında keçirilir, bu dərsin təcrübi hissəsi isə onlayn qaydada, əvvəlcədən hazırlanmış videoroliklər formasında tələbələrə təqdim edilir:

“Dövlət imtahanı zamanı ATU-da praktik məşğələlər olmur. Universitetdə tədris 6 illik olduğu üçün 3, 4 və 5-ci kurslarda istehsalat təcrübələri olur. Həmin təcrübələr də yayda klinikalarda keçirilir”.

Bakı Mühəndislik Universitetindən AzerTimes-a verilən məlumata görə, bütün dərslər distant formada davam etdirilir. Fevralın 16-dan tələbələrin istehsalat təcrübəsinə göndərilməsinə start verilib. 25 may tarixində başa çatması nəzərdə tutulan istehsalat və pedaqoji təcrübələr mövcud pandemiya qaydalarına uyğun olaraq təşkil edilir.

Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) AzerTimes-a verilən məlumata görə, hazırda UNEC-də praktik-məşğələ tələb edən fənlər uzaqdan olmaqla onlayn keçirilir. Laborator tələb edən fənlər üçün virtual laboratoriyalar yaradıldığı üçün onlar da onlayn keçirilir:

“Bir sözlə, UNEC-də ənənəvi dərslər hazırda təşkil olunmur. Tədris planlarına əsasən, təcrübələr yalnız son təhsil ilində keçirilir. Hazırda 4000-ə yaxın bakalavr istehsalat təcrübəsi keçir. Pandemiya ilə əlaqədar olaraq tələbələr kütləvi işləyən müəssisələrə istehsalat təcrübəsinə göndərilməyib, yalnız fərdi olaraq təcrübə keçirlər. Çalışan tələbələrin istəkləri nəzərə alınaraq, onlar çalışdıqları müəssisədən arayış gətirərək, təcrübədən keçmiş hesab olunurlar. Digər tələbələr də müəssisənin tələblərinə və pandemiya qaydalarına uyğun olaraq, istehsalat təcrübəsində iştirak edirlər. Bakalavrların istehsalat təcrübəsi fevralın 18-dən mayın 24-dək davam edəcək”.

Teqlər: