Xəbər - Çingiz Səfərli – Trend:
Məktəblərin əyani, yoxsa onlayn formada keçiriləcəyi ilə bağlı konkret məlumat gec olmadan açıqlanmalıdır. Prosesin uzanması tələbələrin kirayə mənzil tapmalarında problem yaradır.
Bunu AzerTimes-a açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev deyib. O bildirib ki, hazırda tələbələr və onların valideynləri çıxılmaz vəziyyətdə qalıblar. Onlar bilmək istəyirlər ki, dərslər əyani başalayacaq, ya yox:
“Operativ Qərargah məlumat verdi ki, dərslər başlayacaq, ancaq daha dəqiq məlumat sentyabrda deyiləcək. Normal şərtlərdə tələbələr avqustun sonunda artıq evə yerləşir və dərslərin açılmasını gözləyir. Dərslərin onlayn yox, əyani olacağı ilə bağlı məlumat tədrisin başlamasına 3-5 gün qalmış verilsə, bu, tələbələr üçün böyük problem olacaq. Çünki şəhərə gələn tələbələrin sayı on minlərlədir və paytaxtda da ucuz kirayə mənzillər məhdud saydadır. Müvafiq qurumlar bilməlidir ki, tələbə şəhərə gələndə, yalnız özü gəlmir, əşyalarını da gətirir. Məsələnin digər tərəfi isə odur ki, tələbə gəlib ev tutsa, sonra yenə dərslər onlayn keçirilsə, necə olacaq?! Artıq bir çox tələbə ev pulunu belə verib. Belə olsa, tələbənin ev üçün ödədiyi pul, gəlib-qayıtmaq üçün yol xərci hədər gedəcək”.
Ekspert onu da bildirib ki, tələbələrə evini verənlər də dərslər dayanarsa, müştəri qıtlığı ilə üzləşəcəklər. Yəni, bu problem kökündən həll olunmalı, konkret dərslərin əyani olub-olmayacağı ilə bağlı qısa zamanda məlumat verməlidirlər: “Ev sahibləri gözləntidədirlər ki, bu gün evi tələbəyə versə və o tələbə sabah çıxıb rayona getsə, evi boş qalacaq. Bu baxımdan bir çox ev sahibi tələbəyə ev vermək istəmir. Daha uzun müddət qalması üçün əsasən ailəli şəxslərə üstünlük verilir”.
Elnur Fərzəliyev paytaxtda tələbələrin əsas marağında olan yerlərdən və mövcud kirayə qiymətlərindən də danışıb:
“Tələbələr ən çox kirayə qaldıqları yerlər Yasamal və Nərimanov rayonlarıdır. Çünki burada təhsil müəsisələrinin sayı digər rayonlarla müqayisədə daha çoxdur. Normalda hər il yay aylarında qiymətlərdə 20 faizə qədər endirim olur, avqust-sentyabrda isə yenidən stabilləşir. Bu gün şəhərdə birotaqlı mənzillərin kirayə qiyməti 250-300, maksimum 350 manat arasında dəyişir. 350 manat olanların çoxu da sonradan ikiotaqlıya çevrilən evlərdir. İkiotaqlı mənzillərin qiyməti 350-450 manatdır. Üçotaqlı və dördotaqlı mənzillərin qiyməti isə müvafiq olaraq arta-arta gedir. İllərdir ki, qiymətlər stabil olaraq qalıb. Bu il də artacağı gözlənilmir. Lakin zamanla şəhərdə ucuz kirayə mənzillər qalmayacaq. Çünki köhnə tikililər sürətlə yeniləri ilə əvəzlənir”.
Ekspert oğlan tələbələrin problemlərindən də danışıb. Bildirib ki, qız tələbələrlə müqayisədə oğlanlar ev tapmaqda daha çox çətinlik çəkir:
“Çünki ev sahiblərinin əksəriyyəti oğlan tələbələrə ev vermək istəmir. Bu, pandemiyadan əvvəl də belə olub. Əgər eyni ev qızlara 200-250 manata verilirdisə, oğlanlara 300-350 manata verilirdi. Dünya təcrübəsinə baxsaq görərik ki, orda bütün müqavilələr notarial qaydada bağlanılır. Bu səbəbdən ev sahibi vergi verir və bütün mənzillər yanğın, subasma və digər hadisələrə görə sığortalanır. Amma sığorta olmadığı, müqavilələr notarial qaydada bağlanmadığı üçün oğlan tələbələrə ev verilmir. Belə bir düşüncə formalaşıb ki, oğlanlar evi təmiz saxlamayacaq və ya hər hansısa dava-dalaş hadisəsi baş verəcək. Bu məsələ oğlan tələbələr üçün böyük problem yaradır. Belə problemlərin olmamağı üçün yataqxanalar tikilməlidir. Köhnə yataqxanaların yerində yeniləri tikilsə, tələbələrin ev problemi aradan qalxmış olar”.