Tələbələrimizin hazırladığı PUA-nın ilk uçuşu – Foto

Tələbələrimizin hazırladığı PUA-nın ilk uçuşu – Foto

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Azərbaycan Texniki Universiteti və Milli Aviasiya Akademiyasının tələbələrinin birgə hazırladığı müdafiə təyinatlı pilotsuz uçuş aparatının (PUA) ilk uçuşu həyata keçirilib.

AzerTimes Report-a istinadən xəbər verir ki, tələbələrin layihələndirdiyi PUA Azərbaycan Texniki Universiteti (AzTU), Türk Aviasiya və Kosmik Sənayesi Şirkəti (TUSAŞ) və Milli Aviasiya Akademiyasının (MAA) iştirakı ilə həyata keçirilən “AzTU-Turkish Aerospace, MGP 2023.1” yüksəkixtisaslı mühəndis hazırlığı təlim proqramı çərçivəsində hazırlanıb.

Tələbələr 8 ay ərzində TUSAŞ mütəxəssislərinin təlimlərində iştirak edərək Mühəndis Təkmilləşdirmə Proqramını uğurla başa vurublar.

Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, MAA-nın birinci prorektoru Ədalət Səmədov, TUSAŞ MGP Akademiyasının rəhbəri Əhməd Pinarbaşı, TUSAŞ MGP Akademiya müdiri Sərhat Gül, TUSAŞ MGP layihə koordinatoru Görkəm Şimşək, TUSAŞ-dan təlimçi-mühəndis Səbri Orçun, TUSAŞ PUA pilotları Okan Çindəmir, Muhammed Furkan Bahat iştirak ediblər.

Proqramın əsas məqsədi pilotsuz uçuş aparatlarının istehsal və istifadə edilməsi üçün yerli mühəndislərin hazırlanmasıdır. Bildirilib ki, proqrama hər iki ali təhsil müəssisəsinin iqtisadiyyat üzrə ixtisaslar istisna olmaqla, digər bütün mühəndislik fakültələrində (aerokosmik mühəndislik, informasiya texnologiyaları, mexatronika, maşın mühəndisliyi, elektrik-elektronika, xəbərləşmə (radioelektronika), metallurgiya və s.) təhsil alan tələbələr cəlb edilib.

Qeyd olunan ixtisaslarda təhsil alan bütün tələbələr layihə əsaslı və açıq rəqabətli öyrənmə-öyrətmə modelinə söykənən bu təlim proqramına ingilis dili və qabiliyyət üzrə test imtahanları ilə yanaşı, müsahibə mərhələsindən keçməklə qəbul edilib.

Ümumilikdə dörd mərhələdən ibarət olan təlim proqramı ideyadan ilk uçuşa qədər nəzərdə tutulmaqla, pilotsuz uçuş aparatının layihələndirilməsi və istehsalı məqsədilə təşkil edilib. Proqramın nəzəri hissəsi 3 həftə, praktiki əsasları 5 həftə, istehsal 4 həftə, test (uçuş) mərhələsi 4 həftə davam etməklə, PUA-nın bütün detalları layihə çərçivəsində AzTU-da yaradılan xüsusi emalatxanada hazırlanıb.

Layihə çərçivəsində ərsəyə gələn müdafiə təyinatlı pilotsuz uçuş aparatının koordinat məlumatları GPS sistemi vasitəsilə yer stansiyasına göndərilir.

Məsələn: Düşmənin və dostun təyin edilməsi məqsədilə əsgərlərin geyindiyi formalar (beretlər) rənglərə görə fərqlənməlidir. Göy rəngli beret dost ünsürünü bildirir, düşmən isə digər rəngdə geyimə görə müəyyən edilir. Missiya 50 metr hündürlükdə 10 dəqiqə sabit uçuş şəraitində həyata keçirilir. Prosesin ümumi davametmə müddəti 14 dəqiqədir. Tapşırıq zamanı düşmənin koordinatları proqram vasitəsilə avtomatik hesablanır, ümumi əsas məlumatlar analiz olunaraq Yer İdarəetmə Stansiyasına ötürülür. Uçuş Yer Stansiya İnterfeysində (GUI) göstərilən məlumatlar əsasında PUA-nın istiqamətinə nəzarət etməklə həyata keçirilir.

Tədbirin yekununda layihədə iştirak edən tələbələr mükafatlandırılıb.

Qeyd olunub ki, proqramda iştirak edən dörd tələbə “Bayraktar Texnologiya Azərbaycan” şirkətindən iş təklifi alıb və hazırda Türkiyədə müvafiq təlimlərdə iştirak edir.

Teqlər: