Xəbər - Çingiz Səfərli – Trend:
Artıq bir həftədir ali təhsil müəssisələrində tədris başlayıb, lakin tələbələr kiraye ev tapmaqda hələ də çətinlik çəkir. Kirayə evlərin ötən illərlə müqayisədə xeyli bahalaşması xüsusən aztəminatlı ailələr üçün ciddi problem yaradır. Problemdən əsas çıxış yolu tələbə yataqxanalarıdır.
Bəs ali təhsil müəssisələrinin yataqxanalarında hazırda vəziyyət necədir və buraya qəbul hansı kriteriyalar əsasında aparılır?
AzerTimes bir neçə ali məktəbdən məsələ ilə bağlı münasibət öyrənib.
Bakı Dövlət Universitetindən bildirilib ki, hazırda “Tələbə evi”ndə 220 tələbə qalır: “Şəhid və qazi övladları, valideynləri əlil olan tələbələr, məcburi köçkünlər, valideynini itirmiş tələbələr, sosial həssas qrupa aid olan ailələrin övladları, ən yüksək bal toplamış tələbələrə üstünlük verilir. Bir tələbə üçün ödəniş 110 manatdır. Bunun 35 manatını universitet qarşılayır, 75 manatını isə tələbə özü ödəyir”.
Tibb Universitetindən verilən məlumata görə, ali təhsil müəssisəsinin 4 yataqxanası fəaliyyət göstərir, lakin hazırda 1 saylı yataqxana təmirə dayanıb: “Tələbələr 100 faiz yataqxana ilə təmin olunduğuna görə ( Azərbaycan vətəndaşları) qəbul üçün hər hansı bir kriteriyalar qoyulmur. Sadəcə şəhid ailələrindən olan və ya valideyn himayəsindən məhrum uşaqlar yataqxanaya ödənişsiz yerləşdirilir. Qazi uşaqlarına isə güzəşt edilir. Yataqxananın ilkin qiyməti yataqxanadan və otağın tutumundan asılı olaraq dəyişir. Qiymət 60 manatdan 90 manata qədər dəyişir”.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) yataqxanası isə əsasən əcnəbi tələbələr üçün nəzərdə tutulub:
“Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yataqxanası artıq fəaliyyətə başlayıb. Qeydiyyat prosesi yekunlaşıb və tələbələr yerləşdiriliblər. ADNSU-nun yataqxanası 320 nəfərlikdir. Əsasən əcnəbi tələbələr üçün nəzərdə tutulub. Amma onlarla yanaşı yerli tələbələr də qala bilirlər. Yataqxana 2 və 3 nəfərlik otaqlar şəklində fəaliyyət göstərir. Bir otağın qiyməti 100 manatdır. 2 nəfər qaldıqda hər biri 50, 3 nəfər qaldıqda isə 34 manat vəsait ödəyirlər. Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THK) xətti ilə maddi imkanı aşağı olan tələbələr müraciət etdiyində, onların yataqxana xərcini THK ödəyir. Pandemiya ilə bağlı karantin rejimi davam edir. Həm universitetin özündə, həm də yataqxanada karantin rejimi qaydalarına uyğun olaraq mütəmadi dezinfeksiya işləri həyata keçirilir. Eyni zamanda binaya daxil olanda hər bir tələbənin temperaturu ölçülür”.
Azərbaycan Dövlət Pedoqoji Universitetindən də məsələ ilə bağlı açıqlama verilib. Bildirilib ki, universitetin yataqxanasına sadəcə xanım tələbələr qəbul edilir: “Yataqxana 244 nəfərlikdir. Otaqlar geniş və 2 nəfərlik olduğu üçün pandemiya dövründə xüsusi risk yaratmadığından qəbul sayı azaldılmayıb. Yataqxananın tam şəraiti var. Ötən illərdə əsaslı təmir olunub. Yataqxanada sadəcə xanım tələbələr yerləşdirilir. Əsasən sosial təminatı aşağı olan tələbələrə üstünlük verilir. Aylıq ödəniş 70 manatdır”.
Azərbaycan Dövlət İqtisad Universitetindən isə bildirilib ki, UNEC-in hazırda 5 yataqxana binası var. Lakin məcburi köçkünlər məskunlaşdığı üçün yataqxanalar tələbələrin istifadəsinə verilə bilmir.
Təhsil Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 2019-cu ildə ali təhsil müəssisələrinin tabeçiliyində 48 yataqxana binası mövcud idi. Bunlardan 1265 nəfərlik tutumu olan 8 təmirli və 1141 nəfərlik tutumu olan 13 təmirsiz yataqxana fəaliyyətdə olub. 2020-2021-ci illərdə Gəncə Dövlət Universitetinin (GDU) 3, Bakı Dövlət Universitetinin (BDU) isə 1 yataqxana binası təmir olunub. GDU-nun yataqxana binaları ümumilikdə 706, BDU-nun yataqxanası isə 220 nəfərlikdir.
Twitter: @cingizsafarli