Tələbələr təcrübələrini onlayn keçməyə başladılar

Xəbər - İlhamə İsabalayeva – Trend:

Martın 16-dan etibarən Bakı Musiqi Akademiyasında təhsil alan III-IV kurs tələbələri “Virtual məktəb”də təcrübə keçməyə başlayıblar.

Təhsil Nazirliyindən AzerTimes-a verilən məlumata görə, 16 mart-20 aprel tarixlərini əhatə edəcək təcrübə proqramı çərçivəsində tələbələr Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasında V və VI sinif dərslərinə qoşulacaqlar. Tədris prosesində təhlükəsizliyin təmin edilməsi baxımından kənar şəxslərin dərslərə daxil olması mümkün deyil. Bunu nəzərə alaraq, təcrübə proqramında iştirak edən tələbələr siyahıya alınıb və yalnız təcrübə proqramı müddətində aktiv olacaq hesablarla dərslərə qoşula biləcəklər.

İlk dəfə olaraq onlayn formada təşkil olunan təcrübə proqramında tələbələr təhsil aldıqları ixtisas üzrə qazandıqları nəzəri bilik, bacarıq və vərdişləri tətbiq etməklə yanaşı, müasir təlim texnologiyaları ilə iş bacarıqlarını da sınaqdan keçirmiş olacaqlar. Nəticədə gələcəyin müəllimləri müasir təhsil prosesində müəllimin qarşısında duran yeni vəzifələr barədə yaxından tanış olmaq imkanı əldə edəcəklər.


Qeyd edək ki, hazırda digər ali təhsil müəssisələrində pedaqoji təhsil alan tələbələrin də “Virtual məktəb”də təcrübə keçmələrinə şərait yaratmaq üçün işlər görülür. Təcrübə proqramı ilə maraqlanan ali təhsil müəssisələri [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.

Teqlər: