Xəbər - Elçin Mehdiyev – Trend:
Yeni qanun layihəsində tələbələrin hansı hallarda ali təhsil müəssisələrindən xaric edilməsi məsələsinə aydınlıq gətirilib.
AzerTimes-ın məlumatına görə, “Ali təhsil haqqında” qanun layihəsinin ilkin versiyasında qeyd olunur ki, tələbələr öz arzuları ilə, başqa ali təhsil müəssisəsinə köçürüldükdə, ali təhsil müəssisəsinin daxili intizam qaydalarını kobud şəkildə pozduqda, səhhətinə görə (həkim-məsləhət komissiyasının arayışına əsasən), növbəti təhsil ilinə qeydiyyatdan keçməyib həmin tədris ilinin payız semestrinin sonuna qədər ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda ali təhsil müəssisəsindən xaric edilir.
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 (altı) ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda, çağırışa möhlət hüquqlarını itirir və ümumi əsaslarla müddətli hərbi xidmətə çağırılırlar. Möhlət hüququnu itirmiş şəxslər barədə rəsmi məlumat bir həftə müddətində ali təhsil müəssisəsinin rektoru tərəfindən onların hərbi uçotda olduqları dövlət qurumuna verilir.
Tələbələr sırasından xaric edilmiş təhsilalana müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara uyğun müvafiq arayış və təhsil haqqında sənədin əsli verilir.
Ali təhsilin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsilində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra qanunvericiliklə müəyyən edilmiş müddətdə ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdir.