Xəbər - Fərid Zöhrabov – Trend:
Bu gündən bütün elm və təhsil müəssisələri işçiləri və tələbələr
üçün peyvənd sertifikatına dair yeni tələb qüvvəyə minir.
Trend-in məlumatına
görə, bu, Nazirlər Kabineti 30 dekabr 2021-ci il tarixində “Xüsusi
karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin
aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında etdiyi
dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki, bu il fevralın 1-dən etibarən mülkiyyət
formasından asılı olmayaraq bütün elm və təhsil müəssisələri
işçiləri üçün (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı
olmayaraq) COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmaları və ya
COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici
sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən
əks-göstəriş sertifikatının olması tələbi müəyyənləşmişdi. O
cümlədən ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı
18-dən yuxarı olan bütün şəxslərin COVID-19-a qarşı ən azı 2 doza
peyvənd olunmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik
olmaları barədə təsdiqedici sənədi, yaxud COVID-19-a qarşı peyvəndə
əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb
edilirdi. Bu halda da təhsil alanların sayı 200 nəfərdən az olan
təhsil müəssisələri istisna idi.
Qərara əsasən, bu gündən etibarən mülkiyyət formasından asılı
olmayaraq bütün elm və təhsil müəssisələri işçilərindən (əmək və ya
mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) etibarlı olan
COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd
sertifikatının və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı
təsdiqləyən sənədin, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi
müəyyən edən əks-göstəriş sertifikatının olması tələb ediləcək. O
cümlədən fevralın 15-dən ali və orta-ixtisas təhsili müəssisəsində
təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin etibarlı olan
COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı
və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən
sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən
əks-göstəriş sertifikatının olması tələb ediləcək. Bu halda yenə də
təhsil alanların sayı 200 nəfərdən az olan təhsil müəssisələri
istisna olacaq.
Qeyd edək ki, bu gündən COVID sertifikatlarının etibarlılıq
müddəti COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı təsdiqləyən
sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd
istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə
tutulan peyvəndin 1 dozasını aldıqda müddətsiz olacaq. Etibarlılıq
müddəti COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq
immunitetə malik olmalarını təsdiq edən sertifikat üzrə 6 ay, həmin
müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında
2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda
müddətsiz olacaq.