Tələbə və Məzunlar Platforması peyvəndləmənin əhəmiyyətinə diqqət çəkib

Azərbaycanlı Tələbə və Məzunlar Platformasının (ASAP) “Aktual” rubrikası çərçivəsində “COVİD-19 və peyvəndləmə strategiyası” mövzusunda Almaniyanın Darmştat xəstəxanasının qulaq, burun, boğaz xəstəlikləri və plastik cərrahiyyə şöbəsinin həkimi Cavid Hüseynzadənin təqdimatında virtual seminar keçirilib. Seminarda dünyanın müxtəlif ölkələrində təhsil alan azərbaycanlı tələbələrlə yanaşı peyvəndləmə mövzusunda maraqlı olan gənclər də aktiv şəkildə iştirak ediblər. Vebinarda koronavirus əleyhinə hazırlanan vaksinlər, onların fayda və zərərləri, eləcə də peyvəndləmə təcrübəsi və strategiyası haqqında maraqlı müzakirələr aparılıb. Dr. Hüseynzadə görüş iştirakçıları ilə Almaniyada artıq vaksinasiya olunmuş bir həkim olaraq həm şəxsi təcrübəsini, həm də tibbi biliklərini iştirakçılarla bölüşüb.

Tədbirdə həmçinin millət vəkili, professor, ürək-damar cərrahı Rəşad Mahmudov və Xüsusi Müalicə Sağlamlıq Kompleksinin qulaq, burun, boğaz və baş-boyun cərrahı Aydın Talışinski çıxış edərək koronavirusun cəmiyyətə təsiri, karantin şərtləri və vaksinasiyanın Azərbaycanda həyata keçirilməsi prosesi haqqında iştirakçıları məlumatlandırdılar. Dr. Mahmudov ölkədə koronavirus xəstələrinin sayının azalmasına baxmayaraq, təhlükənin hələ də davam etdiyini və risk qruplarının mütləq şəkildə vaksinasiya edilməsinin vacibliyini vurğulayıb. Millət vəkili əhalini və xüsusilə, gəncləri məlumatlı olmağa, məsuliyyətli davranaraq həm özlərini, həm də ailələrini qorumaq üçün karantin qaydalarına riayət etməyə çağırıb.

Onlayn tədbir sual və cavab sessiyasında çıxışçılara vaksinasiyanın istehsalı, riskləri və əhəmiyyəti ilə bağlı maraqlı suallar verilməsi ilə davam edib. Dr. Aydın Talışınski hazırda Azərbaycanda da istifadə olunan Sinovac şirkətinin “CoronaVac” peyvəndi ilə bağlı məlumat verərək bildirmişdir ki, bu peyvənd ciddi əks-təsirə səbəb olmadan, bədənin immun sistemini virusa qarşı hazırlamaq üçün öldürülmüş virus hissəciklərindən istifadə edərək işləyir.

Sonda tədbirin çıxışçıları xaricdə təhsil alan tələbə və məzunlara, eləcə də xaricdə təhsil almaq istəyində olanlara öz tövsiyələrini vermiş və harada olmalarından asılı olmayaraq, ölkəmiz və xalqımız üçün çalışmağa, onun inkişafına xidmət etməyə çağırıblar.

Teqlər: