Tələbə-gənclərdən ibarət bir qrup heyət Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrindən birində əsgər və zabitlərlə görüşüb.
Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, şəxsi heyətin sosial-məişət şəraiti, əsgər yataqxanası və yeməkxanası, eləcə də Təlim-Tədris Mərkəzi ilə tanış olan zaman tələbə-gənclərə ətraflı məlumat verilib. Bildirilib ki, şəxsi heyətin nümunəvi xidməti üçün dövlətimiz tərəfindən hərtərfli şərait yaradılıb.
Şəxsi heyətin sosial-məişət şəraiti ilə yanaşı silahlanmada mövcud olan silah və texnikalar, o cümlədən zirehli döyüş maşınları, avtomobil texnikaları, top və minaatanlar, hava hücumundan müdafiə və tank əleyhinə vasitələr, snayper tüfəngləri və müxtəlif atıcı silahlarla tanış olan gənclər nümayiş olunan hərbi vasitələrə maraqla baxıblar.
Tədbirin bədii hissəsində Kəngərli Rayon Mədəniyyət Şöbəsinin “Kəngər” instrumental ansamblının kollektivi konsert proqramı ilə çıxış edib,
tələbə-gənclər və əsgərlər rəqs edərək əyləniblər. Sonda qonaqlar şəxsi heyətlə birgə nahar ediblər.