“Teknofest”lə əlaqədar Bakıya bir neçə qrup turist gəlib – Assosiasiya

26-29 may tarixlərində keçirilən “Teknofest” aerokosmik və
texnologiya festivalını ziyarət etmək üçün Bakıya bir neçə turist
qrupu gəlib.

Bunu Trend
Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin sədri Əhməd
Qurbanov deyib.

O bildirib ki, Azərbaycanın turizm şirkətləri “Teknofest”
yarışları ilə əlaqədar ölkəyə gələn xarici qonaqlara xidmət etmək
üçün tam hazırlaşıblar:

“Pandemiyaya görə tətbiq edilən karantin qaydaları yumşalandan
sonra turizm şirkətləri yeni turizm mövsümünə yüksək səviyyədə
hazırlaşıblar. Azərbaycanda “Teknofest”dən də əvvəl bir çox
beynəlxalq tədbirlər keçirilib. Artıq turizm şirkətlərinin bu
sahədə böyük təcrübəsi var. Turizm şirkətləri nəinki “Teknofest”
yarışlarına, eləcə də ölkədə il ərzində keçirilən bütün tədbirlərdə
iştirak üçün gələn qonaqlara xidmət göstərməyə hazırdırlar. “Teknofest” festivalı ilə əlaqədar bir neçə turist qrupu gəlib.
Turizm şirkətləri onlara yüksək səviyyədə xidmət göstərirlər”.

Ə.Qurbanov deyib ki, turistlər əsasən paytaxta yaxın olan
turistik rayonlara üz tuturlar.

“Turistlər əsasən Qəbələyə, İsmayıllıya, Şəkiyə və digər yerlərə
səyahət edirlər”.

Qeyd edək ki, “Teknofest” mayın 26-29-da Azərbaycanda
keçirilir.

Bakıda “Teknofest” festivalı Türkiyənin Sənaye və
Texnologiyalar Nazirliyi, Türkiye Teknoloji Takımı Vakfının (T3
Vakfı) təşkilatçılığı, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin tərəfdaşlığı ilə keçirilir. Eyni zamanda Bakıda
“Teknofest” in “prodakşn” ofisi fəaliyyət göstərir. Ofisin tam
heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.

Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye
və Texnologiya Nazirliyinin və Selçuk Bayraktarın rəhbərlik etdiyi
Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı
və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl
şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il
keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat
kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın
təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar
vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə
çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə
təqdim olunmasıdır.

Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.azTurkic.World “Teknofest 2022” aerokosmik və
texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.

Teqlər: