Bildiyiniz kimi işğaldan azad olunmuş ərazilərimizdə böyük
quruculuq işləri həyata keçirilir. Bu işlərin faydalı və effektiv
olması üçün hər kəsin, hər qurumun potensialını ortaya qoyması
vacibdir. Biz də “AzInTelecom” olaraq öz profilimizə uyğun şəkildə
bu prosesə qoşulmuşuq və ölkəmizdə təşkil olunacaq “Teknofest“Festivalı çərçivəsində SMART Qarabağ
Hackathon-unu təşkil edəcəyik.
Bunu AzerTimes-a müsahibəsində AzInTelecom-un İdarə Heyətinin üzvü
İnarə Vəliyeva deyib.
“SMART Qarabağ Hackathon-un məqsədi işğaldan azad olunmuş
Azərbaycan ərazilərində “ağıllı şəhər” həllərinin tətbiq
edilməsidir. Bu həllərin tətbiqi həmin ərazilərin rahat, qənaətcil,
ekoloji təmiz regiona transformasiyası, sakinlər və sahibkarlar
üçün münbit ekosistemin yaradılması və kənd təsərrüfatı üçün daha
səmərəli şəraitin qurulmasına töhfə verəcək. Sadaladığım məqsədlərə
nail olmaq üçün müxtəlif proqram təminatlarından, istifadəçi
interfeyslərindən və kommunikasiya şəbəkəsindən istifadə edərək
Əşyaların İnterneti (IoT) vasitəsilə çoxlu sayda həllər yaratmaq
olar. Hesab edirəm ki, SMART Qarabağ Hackathon-u həmin həllərin
formalaşdırılması, ortaya çıxması üçün innovativ gənclərimiz üçün
əla bir fürsət olacaq.
Hackaton-un 8 istiqamət üzrə keçirilməsi nəzərdə tutulub. Bu
istiqamətlərə Təhsil, Kənd Təsərrüfatı, Nəqliyyat, Ev təsərrüfatı,
Enerji sərfiyyatı, Su sərfiyyatı, Ətraf mühit və Təhlükəsizlik
daxildir”, – deyə o əlavə edib.
Onun sözlərinə görə, SMART Qarabağ Hackathon-da iştirak etmək
üçün TEKNOFESTİN rəsmi səhifəsi – www.teknofest.az
ünvanı üzərindən müraciət etmək lazımdır. Müraciətlər 01.04.2022-ci
il tarixinədək qəbul olunacaq. 25.04.2022-ci il tarixində isə
hackathon-da iştirak hüququ qazananların siyahısı elan
olunacaq.
“Bu günədək 15 komanda və 9 fərdi şəxs qeydiyyatdan keçib.
Əlbəttə ki, bu, qısa zaman ərzində qeydiyyatdan keçənlərin
nəticəsidir. Heç şübhə etmirik ki, hackathon-a böyük maraq
göstəriləcək, işğaldan azad olunan ərazilərimizin bərpası, yenidən
qurulması üçün innovativ ideyaları olanlar bizə qoşulacaq.
İştirak hüququ qazanan komandalar və fərdi şəxslər may ayının
25-də Bakı Kristal Zalında keçiriləcək Hackaton-da iştirak
edəcəklər. Komandalara Hackaton zamanı müəyyən texniki avadanlıqlar
və proqramların spesifikasiyası təqdim olunacaq və 50 saatlıq
marafona start veriləcək. Başlayandan 24 saat sonra münsiflər
heyəti Kritik Dizayn Baxışını və prototipin hazırlanmasının
gedişatını yoxlayacaqlar. Təqdimatdan sonra layihəyə hər hansı
dəyişiklik etmək qadağan ediləcək. Bu mərhələdən sonra, marafonun
bitməsinə qalan 26 saat ərzində komandalar layihəni tamamlamalı və
öz layihələrini münsiflər heyətinə təqdim etməlidirlər”, – deyə
İ.Vəliyeva əlavə edib.
İ.Vəliyeva bildirib ki, SMART Qarabağ Hackathon-u iştirakçılara
ilk növbədə böyük təcrübə qazandıracaq. Daha əvvəl qeyd etdiyim
kimi bu hackathon məşhur “Teknofest” festivalı çərçivəsində keçiriləcək
və əlbəttə ki, bu festivalın iştirakçısı olmaq özlüyündə böyük uğur
deməkdir. Bununla yanaşı, bizim qaliblər üçün xüsusi mükafatlarımız
olacaq. Qaliblərin müəyyən olunması isə meyarlar üzrə
qiymətləndirmə əsasında həyata keçiriləcək:
“Qiymətləndirmə və balların bölüşdürülməsi üçün 4 meyar müəyyən
edilib:
- Mövzu – 30%;
- Komanda – 5%;
- İcra – 50%;
- İqtisadi səmərəlilik və əhəmiyyət – 15%.
Meyarlar üzrə qiymətləndirilmə aparıldıqdan sonra nəticələr
toplanacaq və ilk üç yerin, yəni 1-ci, 2-ci və 3-cü yerlərin
qalibləri elan olunacaq. 1-ci yerin qalibinə 10 000 USD, 2-ci yerin
qalibinə 5 000 USD, 3-cü yerin qalibinə isə 3 000 USD mükafat
veriləcək.
Finala keçməsindən asılı olmayaraq, tapşırığı daha yaxşı həll
etməyə çalışan komandalara isə diplom və suvenir şəklində mükafat
təqdim olunacaq.
Qeyd edək ki, bütün bu məlumatlarla teknofest.az saytının müsabiqələr
bölməsinə daxil olaraq SMART Qarabağ
Hackathon-unu seçərək daha detallı şəkildə tanış olmaq
mümkündür”.
Xatırladaq ki, “Teknofest” mayın 26-29-da Azərbaycanda
keçiriləcək.
Bakıda “Teknofest” Azərbaycan Respublikası Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən keçirilir. Eyni zamanda
Bakıda “Teknofest” in “prodakşn” ofisi fəaliyyət
göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən
ibarətdir.
“Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye
və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki
direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji
Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin
60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin
tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.
Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat
kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın
təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar
vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə
çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə
təqdim olunmasıdır.
Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.az və Turkic.World “Teknofest 2022” aerokosmik və
texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.