“TEKNOFEST” çərçivəsində “Smart Qarabağ” Hakatonu keçiriləcək

Qarabağın dirçəliş proqramında yaxından iştirak etmək istəyən və “Ağıllı şəhər” konsepsiyasına dair innovativ layihələri olan tələbələr, startaplar və sahibkarlar üçün “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində unikal təqdimat imkanı yaradılır.

Məlumat üçün bildiririk ki, “TEKNOFEST” Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə bu ilin 26 – 29 may tarixlərində Bakıda ilk dəfə olaraq keçiriləcək. Beynəlxalq brendə çevrilən “TEKNOFEST”in keçirilməsində əsas məqsəd aviasiya, kosmik sənaye və rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

Bakıda keçiriləcək festivalın ən maraqlı yarışlarından biri də “Smart Qarabağ” Hakatonudur.

“Əşyaların interneti”, bulud texnologiyaları, süni zəka, maşın öyrənməsi və digər aparıcı texnologiyaları özündə cəmləşdirən “Ağıllı şəhər” konsepsiyası üzrə keçiriləcək “Smart Qarabağ” Hakatonuna qeydiyyat artıq başlayıb. Hakaton təhsil, kənd təsərrüfatı, nəqliyyat, ev təsərrüfatı, enerji sərfiyyatı, su sərfiyyatı, ətraf mühit və təhlükəsizlik sahələrini əhatə edir.

Qeyd edək ki, “Ağıllı şəhər” şəhər daxilində olan əməliyyatları daha yaxşı başa düşmək, onları idarə etmək və məhdud resursların optimallaşdırılması kimi səciyyələndirilir. Həmçinin “Ağıllı şəhər” informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə əməliyyat səmərəliliyini artırmaq, məlumat bazasını əlaqəli qurumlarla bölüşmək və vətəndaşlara daha keyfiyyətli ictimai xidmətlər göstərməklə əhalinin rifahının yaxşılaşdırılması kimi qiymətləndirilir.

Bu müsabiqə çərçivəsində müxtəlif proqram təminatlarından, istifadəçi interfeyslərindən və kommunikasiya şəbəkəsindən istifadə edilərək “Əşyaların interneti (IoT)” texnologiyası vasitəsilə əhaliyə müxtəlif sahələrdə innovativ həllər təklif edilir.

Nəzərə alınmalıdır ki, “Ağıllı şəhər” konsepsiyasında “IoT” texnologiyası ən vacib həllərdən biridir. “IoT” bir-birinə bağlı olan cihazların qarşılıqlı kommunikasiyası və məlumat mübadiləsi üçün yaradılmış bir şəbəkədir. Cihazlardan toplanmış məlumatlar bulud texnologiyası və ya fiziki serverlərdə toplanır, özəl və dövlət sektoru tərəfindən optimallaşdırılaraq “Ağıllı şəhər” daxilində əhalinin rahatlığı üçün istifadəyə verilir. Bu həllərə ev işlərində, şəhərin infrastrukturunun optimal qurulmasında və bir sıra digər sahələrdə rast gəlinir.

“Smart Qarabağ” Hakatonunda müvafiq sahələr üzrə ən səmərəli həll yolları təqdim edən gənclər üçün mükafat fondu nəzərdə tutulub. Mükafat fondu I yer üzrə 10.000 ABŞ dolları, II yer üzrə 5000 ABŞ dolları və III yer üzrə isə 3000 ABŞ dolları təşkil edir.


Gənclərimizin işğaldan azad olunmuş ərazilərin bərpasına töhfə verəcək “Smart Qarabağ” Hakatonu kimi intellektual müsabiqədə iştirakı olduqca vacib və dəyərlidir.

Hakatonda iştirak etmək üçün son müraciət tarixi 16 mart 2022-ci ildir.

Əlavə məlumat əldə etmək üçün:

050 251 40 28

[email protected]

teknofest.az