“TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində ekologiyanın qorunması, bərpa olunan enerji mənbələrinə dair yeni texnologiyaların təşviqi və sıfır tullantı hədəfinə yönəlmiş layihələrin qəbuluna başlanılıb.
Bu barədə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AzerTimes-a məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə cari ilin 26 – 29 may tarixlərində Bakıda ilk dəfə keçiriləcək “TEKNOFEST”ə hazırlıq istiqamətində hazırda bir neçə maraqlı müsabiqə təşkil edilir.
Festivalın keçirilməsində əsas məqsəd aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat və ətraf mühitin qorunması kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə yeniyetmə və gənclərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.
Qeyd edək ki, ətraf mühitin qorunması sahəsində keçirilən müsabiqəyə qeydiyyat artıq başlayıb.
Cari müsabiqə ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə və bərpa olunan enerji mənbələri istiqamətində ekoloji təhlükəsiz və iqtisadi baxımdan səmərəli layihələrin təqdim edilməsinə çağırış edir. “TEKNOFEST” çərçivəsində təşkil olunan müsabiqədə yuxarı sinif şagirdləri, tələbələr və gənc sahibkarlar iştirak edərək yeni ideya və prototiplərini təqdim edə bilərlər.
Müsabiqə bərpa olunan enerji mənbələrindən istifadə, yeni texnologiyaların təşviqi, cari texnologiyaların təkmilləşdirilməsi, təbii sərvətlərdən ehtiyatlı istifadə və gələcək nəsillərə ötürülməsini təmin edən, həmçinin sıfır tullantı hədəfinin həyata keçirilməsini asanlaşdıracaq texnologiyalar üzrə mövzuları əhatə edir.
Müsabiqədə 3 kateqoriya üzrə iştirak etmək mümkündür. Müsabiqənin özəlliyi həm də ondan ibarətdir ki, orta məktəb şagirdləri A kateqoriyası üzrə innovativ təşəbbüs və ideyalarını “TEKNOFEST” kimi mötəbər festivala təqdim edə bilərlər. Müsabiqənin şərtlərinə əsasən orta məktəb komandaları mentorlar qismində məsləhətçiləri işə cəlb etməli və müvafiq layihə təklifini birgə təqdim etməlidirlər. A kateqoriyalı komandaların finalda öz məsləhətçisi ilə iştirakı lazımdır.
B kateqoriyası üzrə Azərbaycanda təhsil alan ali məktəb tələbələri müvafiq mövzularla bağlı innovativ həll yolları və layihələrini müsabiqəyə təqdim edə bilərlər.
Fərdi iştirakçılar və ya onlardan ibarət komandalar isə C kateqoriyası üzrə müsabiqəyə qoşula bilərlər.
Qeyd edək ki, sözügedən müsabiqə üzrə Mükafat fondu şagirdlər üçün (A kateqoriyası) I yer 4000 AZN, II yer 2000 AZN və III yer 1000 AZN təşkil edir.
B kateqoriyasını təmsil edən tələbələr və C kateqoriyası üzrə startaplar və fərdi sahibkarlar üçün Mükafat fondu I yer 6000 AZN, II yer 4000 AZN, III yer isə 2000 AZN-dir.
Müsabiqədə iştirak üçün son qeydiyyat tarixi 17 fevral 2022-ci ildir. Qeydiyyat üçün elektron keçiddən istifadə edilməlidir: https://teknofest.az/az/competitions/
Əlavə məlumat əldə etmək üçün:
050 251 40 28