Ali məktəb tələbələrindən ibarət 19 komanda Hacıqabul
aerodromunda planerlərin sonuncu sınaq uçuşunu həyata keçirib.
Trend xəbər
verir ki, Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan
Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə
Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə
təşkilatçılığı ilə 26 – 29 mayda Bakıda ilk dəfə olaraq keçiriləcək
“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına
hazırlıq çərçivəsində “Planer” müsabiqəsi üzrə sonuncu sınaq uçuşu
baş tutub.
Qeyd edək ki, müsabiqədə Azərbaycan Milli Aviasiya
Akademiyasından 12, Azərbaycan Dövlət Neft və Sənaye
Universitetindən 3, Xəzər Universitetindən 2, Bakı Ali Neft
Məktəbindən 1 və Azərbaycan Texniki Universitetindən 1 komanda
müsabiqədə iştirak edib.
Komandalar hazırladıqları əfsanəvi “ASW 28” və “Walker Sky X8”
planer modellərinin 100-150 m hündürlükdə verilən marşrut üzrə 5
dəqiqə ərzində avtonom rejimdə uçuşunu həyata keçiriblər.
Münsiflər heyəti qiymətləndirmə zamanı hava gövdəsi üçün nəzərdə
tutulan avadanlıqların dizayn edilməsini, dəqiq telemetriyanı,
proqramlaşdırmanı, avtonom uçuş mexanizmini, müxtəlif sensorlar və
faydalı kameralar vasitəsilə müvafiq coğrafiya üzrə məlumatların
toplanmasını və praktiki icrasını kritik seçim meyarları olaraq
dəyərləndirəcəklər.
“TEKNOFEST Azərbaycan” festivalına vəsiqə qazanmış komandaların
adları münsiflər heyəti tərəfindən 24 may tarixində elan
ediləcək.
Qeyd edək ki, “Teknofest” mayın 26-29-da Azərbaycanda
keçiriləcək.
Bakıda “Teknofest” festivalı Türkiyənin Sənaye və
Texnologiyalar Nazirliyi, Türkiye Teknoloji Takımı Vakfının (T3
Vakfı) təşkilatçılığı, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin tərəfdaşlığı ilə keçirilir. Eyni zamanda Bakıda
“Teknofest” in “prodakşn” ofisi fəaliyyət göstərir. Ofisin tam
heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.
“Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye
və Texnologiya Nazirliyinin və Selçuk Bayraktarın rəhbərlik etdiyi
Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı
və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl
şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il
keçirilir.
Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat
kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın
təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar
vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə
çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə
təqdim olunmasıdır.
Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.az və Turkic.World “Teknofest 2022” aerokosmik və
texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.