“TEKNOFEST Azərbaycan” çərçivəsində texnoloji müsabiqələrin qeydiyyat prosesi uğurla yekunlaşıb

Türkiyə Teknoloji Takımı Vakfının (T3 Vakfı), Azərbaycan
Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə
Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə
təşkilatçılığı ilə bu ilin 26 – 29 may tarixlərində Bakıda ilk dəfə
olaraq keçiriləcək “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya
Festivalına hazırlıq çərçivəsində məktəblilər, tələbələr və gənc
sahibkarların iştirakını nəzərdə tutan müsabiqələrin qeydiyyat
prosesi başa çatıb.

1000-ə yaxın gənc müsabiqələrdə iştirak etmək üçün innovativ
layihələrini təqdim edib.

“Sosial yönümlü”, “Yaşıl” və “Aqrar” texnologiyalar,
“Robotexnika”, “Baku Skills”, “Pilotsuz uçuş aparatları”, “Cansat”,
“Peyk modelləşdirilməsi” və “Sailplaner” müsabiqələri üzrə çoxsaylı
müraciətlər fərdi və qrup şəklində təqdim edilib.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov
“TEKNOFEST Azərbaycan” çərçivəsində keçiriləcək müsabiqələrə olan
yüksək maraqdan danışaraq bildirib: “Sevindiricidir ki,
Azərbaycanda 1000-ə yaxın gənc öz innovativ layihə və məhsullarını
təqdim etmək üçün beynəlxalq festivala qoşulur. 400-ə yaxın ideya
və layihə təklifi isə məhz məktəblilərin payına düşür. İnanıram ki,
Azərbaycan gəncləri yaxın gələcəkdə yerli innovativ məhsul və
texnologiyaların yaradılmasında və ixracında öz potensiallarını tam
göstərə biləcəklər”.

Qeyd edək ki, “TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində
“Smart Qarabağ” Hakatonu, kiber idman üzrə Avropa çempionatının
“Rocket League
mərhələsi və “Take Off Baku” Beynəlxalq Startap Sammitinə qeydiyyat
davam edir. “Take Off Baku” Startap Sammitinə son müraciət tarixi
31 mart, “Smart Qarabağ” Hakatonu və “Rocket League” yarışı üçün 1
aprel 2022-ci ildir.

Bildiririk ki, “TEKNOFEST” Türkiyənin ən böyük aviakosmik və
texnologiya festivalı olaraq Teknoloji Takımı Vakfının (T3 Vakfı)
və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyi
tərəfindən 2018-ci ildən etibarən hər il təşkil olunur. Festivalın
Türkiyənin hüdudlarından kənarda ilk dəfə Azərbaycanda keçirilməsi
iki ölkə arasındakı dostluq, qardaşlıq və strateji müttəfiqlik
əlaqələrinin bariz nümunəsidir.

Xatırladaq ki, “Teknofest” mayın 26-29-da Azərbaycanda
keçiriləcək.

Bakıda “Teknofest” Azərbaycan Respublikası Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən keçirilir. Eyni zamanda
Bakıda “Teknofest” in “prodakşn” ofisi fəaliyyət
göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən
ibarətdir.

Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye
və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki
direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji
Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin
60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin
tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat
kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın
təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar
vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə
çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə
təqdim olunmasıdır.

Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.azTurkic.World “Teknofest 2022” aerokosmik və
texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.