“TEKNOFEST Azərbaycan” çərçivəsində “Take Off Baku” beynəlxalq startap sammiti öz işinə başladı (FOTO)

Azərbaycan da daxil olmaqla 8 ölkədən 50 startap Bakı sammitində
iştirak edir.

Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan
Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə
Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə
təşkilatçılığı ilə 26 – 29 mayda Bakıda ilk dəfə olaraq keçirilən
“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı
çərçivəsində “Take Off Baku” beynəlxalq startap sammitinə start
verilib.

İştirakçı startaplar təhsil sahəsində 9, “Fintech” üzrə 5,
səhiyyə üzrə 2, “Ağıllı şəhər” üzrə 7, nəqliyyat və logistika üzrə
2, infrastruktur və təhlükəsizlik üzrə 2, əyləncə üzrə 3, sosial
sahə üzrə 8, “Media&Ads” üzrə 1 və digər sahələr üzrə 11
təkliflə investorlar qarşısında təqdimatla çıxış edəcəklər.

Təqdim edilmiş layihələrin ümumi məhsulunun 80 faizi proqram, 20
faizi isə aparat təminatına aiddir.

Qeyd edək ki, iştirakçı statusu əldə etmiş 50 startapa tədbirin
rəsmi açılış mərasiminə kimi beynəlxalq mentorlar tərəfindən
“Marketdə düzgün seqmentin seçilməsi”, “Müştəri yönümlü həllər”,
“Pitçinq”, “İnnovativlik və Səmərəlilik” və “Startap komandasının
funksional səriştəliliyi” mövzularında 11 master-klass təşkil
olunub.

Bununla yanaşı, tədbir çərçivəsində startaplara təqdimatla çıxış
etmək, B2B formatda görüşlər keçirmək, investorlarla görüşmək,
sərgi və panel müzakirələrdə iştirak etmək imkanları
yaradılacaq.

“Take Off Baku” startap sammitinin moderatoru qismində
startaplar və akseleratorlar üzrə beynəlxalq səviyyəli ekspert Tal
Catran çıxış edəcək.

Yeni innovativ layihə və həll yolları təklif edən startapların
mükafatlandırılması mərasimi 28 may tarixində baş tutacaq.

Qeyd edək ki, “Teknofest” mayın 26-29-da Azərbaycanda
keçiriləcək.

Bakıda “Teknofest” Azərbaycan Respublikası Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən keçirilir. Eyni zamanda
Bakıda “Teknofest” in “prodakşn” ofisi fəaliyyət
göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən
ibarətdir.

Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye
və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki
direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji
Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin
60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin
tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat
kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın
təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar
vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə
çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə
təqdim olunmasıdır.

Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.azTurkic.World “Teknofest 2022” aerokosmik və
texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.

Teqlər: