Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan
Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə
Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə
təşkilatçılığı ilə Bakıda ilk dəfə olaraq keçiriləcək “TeknofestAzərbaycan” Aerokosmik və Texnologiya
Festivalı çərçivəsində 26 – 28 mayda “Take Off Baku” beynəlxalq
startap sammiti təşkil olunacaq.
Azərbaycan startapları da daxil olmaqla xarici yenilikçilərin
təqdim olunacağı sammitin keçirilməsində əsas məqsəd regionda
effektiv sahibkarlıq mühiti yaratmaq, yerli startapların inkişafını
dəstəkləmək və ekosistemin əsas oyunçuları arasında davamlı
əməkdaşlığı təmin etməkdir.
Yerli və beynəlxalq startapların qatılacağı sammitdə investorlar
və Vençur fondların nümayəndələri ən yaxşı innovativ layihələri də
dəyərləndirəcək.
Qeyd edək ki, “Take Off Baku” Azərbaycan startaplarının qlobal
inteqrasiyasına dəstək istiqamətində beynəlxalq ekspertlər,
mentorlar, investorlar və Vençur fondlarla birgə əməkdaşlıq üçün
əlverişli mühit formalaşdıracaq. Həmçinin sözügedən sammit
Azərbaycanı regionun yeni və cəlbedici innovativ məkanı olaraq
beynəlxalq ictimaiyyətə daha yaxından tanıtmış olacaq.
Eyni zamanda bildiririk ki, onlayn qeydiyyatdan keçən startaplar
“5 matrix” prinsipinə əsasən təsnifatlaşdırılaraq tədbirdə iştirak
etmək hüququ qazanmış olacaqlar. Sammitin şərtlərinə əsasən, ən azı
35 yerli startap olmaqla tədbir iştirakçılarının sayı 50 komanda
ilə məhdudlaşdırılacaq.
İlkin təsnifatlaşdırmadan uğurla keçən startaplar tədbirin rəsmi
açılış mərasiminə kimi 1 aylıq peşəkar mentorluq dəstəyi ilə təmin
olunacaqlar. Sammit çərçivəsində yerli və beynəlxalq tərəfdaşlardan
ibarət münsiflər heyəti 50 startap arasından yarım final və final
mərhələsinin qaliblərini seçəcəklər.
Qeyd edək ki, sammitdə startapçılara təqdimatla çıxış etmək, B2B
formatda görüşlər keçirmək və panel müzakirələrdə iştirak etmək
imkanları yaradılacaq.
Sammitin ən həyəcanlı mərhələsi yeni innovativ layihə və həll
yolları təklif edən startapların mükafatlandırılması mərasimi
olacaq. Mükafat Fondu I yer 15.000 ABŞ dolları, II yer 10.000 ABŞ
dolları və III yer üçün isə 5000 ABŞ dolları təşkil edir.
Müsabiqədə iştirak etmək üçün son müraciət tarixi 31 mart
2022-ci ildir.
Əlavə məlumat əldə etmək üçün:
+ 994 12 310 14 00 /+ 994 050 251 40 28
Xatırladaq ki, “Teknofest” mayın 26-29-da Azərbaycanda
keçiriləcək.
Bakıda “Teknofest” Azərbaycan Respublikası Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən keçirilir. Eyni zamanda
Bakıda “Teknofest” in “prodakşn” ofisi fəaliyyət
göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən
ibarətdir.
“Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye
və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki
direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji
Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin
60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin
tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.
Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat
kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın
təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar
vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə
çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə
təqdim olunmasıdır.
Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.az və Turkic.World “Teknofest 2022” aerokosmik və
texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.