“TEKNOFEST Azərbaycan” çərçivəsində keçiriləcək “Take off”
Startap Sammitinə dair Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin
(KOBİA) İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşovun
müsahibəsi
Bildiyiniz kimi Türkiyə Teknoloji Takımı Vakfı (T3
Vakfı), Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyi və Türkiyə Respublikasının Sənaye və Texnologiya
Nazirliyinin birgə təşkilatçılığı ilə 26-29 may 2022-ci il
tarixlərində Bakı şəhərində ilk dəfə olaraq “TEKNOFEST Azərbaycan”
Aerokosmik və Texnologiya Festivalı keçiriləcək. Festival
çərçivəsində dörd əsas istiqamət üzrə tədbirlərin təşkili nəzərdə
tutulur. Bunlar texnologiya müsabiqələri, “Take Off Baku” Startap
Sammiti, açıq və qapalı məkanlarda sərgilər, hava şouları və
əyləncə attraksionlarıdır.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı
Agentliyi (KOBİA) “Take Off Baku” Startap Sammitinin, açıq və
qapalı məkanlarda yerləşən sərgilər üzrə festivalın əsas
tərəfdaşlarındandır. “Take Off Baku” Startap Sammitinin
keçirilməsində məqsəd regionda effektiv sahibkarlıq mühiti
yaratmaq, yerli startapların inkişafını dəstəkləmək və ekosistemin
əsas oyunçuları arasında davamlı əməkdaşlığı təmin etməkdir.
Sammitin gündəliyinə investorlar, şirkətlər və xarici
mentorlarla görüşlər, nüfuzlu məruzəçilərin çıxışları və digər
tədbirlər daxildir. Yerli və beynəlxalq startaplar festival
müddətində layihələrini investorlara və Vençur fondlarının
nümayəndələrinə təqdim edəcək. Sammitin ən maraqlı hissəsi
yeni innovativ layihə və həllər təklif edən startapların
mükafatlandırılması olacaq. Mükafat fondu I yer üçün 15 min
ABŞ dolları, II yer üçün 10 min ABŞ dolları və III yer üçün 5 min
ABŞ dollarıdır.
“Take off Baku” Startap Sammitində iştirak edəcək
startaplar tərəfindən hansı layihələr təqdim olunacaq?
“Take Off Baku” Sammitində istər yerli, istərsə də beynəlxalq
arenada təmsil olunan startaplar tərəfindən innovativ həlləri
özündə ehtiva edən layihələr təqdim olunacaq. Startap layihələri
fintek, təhsil, səhiyyə, “ağıllı kənd”, “ağıllı şəhər”, smart
cihazlar, nəqliyyat-logistika, infrastruktur və təhlükəsizlik,
əyləncə, ənənəvi biznes sahələrinin yeni biznes modeli ilə təşkili
kimi sahələri əhatə edir.
“Take Off Baku” Startap yarışmasında iştirak etmək üçün
müraciətlərin son müddəti cari ilin 31 mart tarixində başa çatıb.
Yarışmada iştirak üçün 30-dan çox ölkədən 300-ə yaxın ərizə təqdim
olunub. Təqdim edilmiş ərizələrin sayına görə ilk yerləri Türkiyə
və Azərbaycan bölüşür. Bundan əlavə Misir, Malayziya, ABŞ, Böyük
Britaniya, Kanada, Sinqapur, Hindistan, Pakistan və s. ölkələrdən
də müraciətlər daxil olub.
Müsabiqənin şərtlərinə əsasən ilkin mərhələdə beynəlxalq jurinin
seçimi əsasında əsas mərhələyə 35 yerli və 15 xarici startap
seçiləcək. Yarışmanın digər cəlbedici tərəflərindən biri ilk
mərhələni keçmiş startapların tanınmış beynəlxalq mentorlardan 1 ay
müddətində məsləhət alma və birgə iş imkanı qazanmasıdır. Sammit
çərçivəsində yerli və beynəlxalq tərəfdaşlardan ibarət münsiflər
heyəti 50 startap arasından yarım final və final mərhələsinin
qaliblərini seçəcək. Qeyd edək ki, KOBİA-nın nümayəndəsi qalibləri
müəyyən edəcək beynəxalq juri və mentorlar komandasında təmsil
olunur.
Qeyd etdiyiniz kimi KOBİA “Take Off Baku” Startap
Sammitinin əsas tərəfdaşlarındandır. Tərəfdaş qurum olaraq
KOBİA-nın sammitdən gözləntiləri nədir? Hazırlıq işləri necə
gedir?
KOBİA-nın fəaliyyət istiqamətlərindən biri də startap
ekosisteminin inkişafına dəstək verməkdir. Agentlik tərəfindən
mikro və kiçik sahibkarlıq subyektlərinə onları innovasiya
fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir
vergisindən 3 il müddətinə azad edən “Startap” şəhadətnaməsi
verilir. Eyni zamanda Agentlik yerli startap layihələrinə dəstək
məqsədilə qrant verir, onların qlobal bazarlara çıxması,
layihələrinin yerli və xarici investorlara təqdim olunması
istiqamətində müxtəlif tədbirlər həyata keçirir.
“TEKNOFEST Azərbycan” çərçivəsində təşkil olunacaq “Take Off
Baku” Startap Sammiti də yerli startapların təklif etdiyi innovatif
texnologiya və həllərin tanıdılması, onların investorlarla
əlaqələndirilməsi baxımından faydalı və mötəbər tədbirlərdəndir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) festivalın və
sammitin əsas tərəfdaşlarındandır.
Agentlik “Startap” şəhadətnaməsi almış sahibkarlıq
subyektlərinin, qrant müsabiqəsinin qaliblərinin, habelə innovativ
texnoloji sahədə fəaliyyət göstərən sahibkarların sammitdə iştirakı
üçün müvafiq tədbirlər görməkdədir. Artıq Agentlik tərəfindən
1000-dən çox sahibkarlıq subyekti sammit barədə məlumatlandırılıb.
KOBİA tərəfindən sammit çərçivəsində “B2B” görüşlərin təşkil
edilməsi və digər təşkilati işlər hazırda da davam etdirilir. “Take
Off Baku” Sammitinin ilk 3 qalibinə KOBİA tərəfindən xüsusi
hədiyyələr təqdim olunacaq. Həmçinin, “Take Off Baku” Sammitində
mentorların, şirkətlərin nümayəndələrinin və startap komanda
üzvlərinin giriş imkanı əldə edəcəkləri “Venture Café” təşkil
ediləcəkdir.
KOBİA olaraq “Take Off Baku” Sammitinin beynəlxalq əhəmiyyətinin
daha da güclənməsinə, Bakının gələcəkdə də bu tipli tədbirlərə ev
sahibliyi edəcəyinə inanırıq. Eyni zamanda, bu mötəbər tədbirin
yerli startapların beynəlxalq startap ekositeminə qoşulması
baxımından faydalı olacağını düşünürük.