Təki, məni sevgi və fəxr hissi ilə yadda saxlayın! Şəhidlərin xatirəsinə həsr olunmuş “Olmayan Bir Müsahibə…” (FOTO)

Yazıçı Nərminə Məmmədzadə Trend Life-a ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş “Olmayan Bir Müsahibə …” adlı silsilə materiallar təqdim edir.

Bu material Əsədov Emil Balaqardaş oğluna həsr edilmişdir…

– Salam, Emil.

– Salam.

– Sənin ən yaxın dostun yazdı mənə.

– Deyəsən bilirəm kimdir (gülümsəyir).

– Dost olmaq necə şeydir səncə?

– Bir-birinə dəstək olmaq və həmişə inanmaq ki, nə olursa olsun, yanında olacağam.

– Sən, deyəsən yaxşı dost nə olduğunu bilirsən.

– Hə, qismət olub. Elə mən özüm də yaxşı dostam (gülür).

– Emil, sən, deyəsən həmişə elə hərbiçi olmaq istəyirdin, çunki Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirmisən, sonra da motoatıcı ixtisası üzrə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi müvəffəqiyyətlə bitirmisən. Düzdür, cənab Leytenant?

– Düzdür! (gülümsəyir) Mən hətta Baş Leytenant rütbəsi və Qarabağ ordeni ilə təltif olunmuşdum.

– Bililəm, eşitdiyimə görə xeyli sayda düşmən texnikası məhv etmisən!

– Olub (gülür).

– Emil, insan müharibədə ən çox nədən qorxa bilər?

– Düzünü desəm, elə hər şeydən. Dostların yaralanmasından daha çox qorxur insan, çünki onları itirmək elə cətin gəlir ki, sanki hər dəfə özünü itirirsən. Yaxınlarını bir də görməmək… Sevgi hissi nə olan şeydir tam bilməmək… Döyüşlərdə məni Allah neçə dəfə saxladı… Sonradan bildim nəyə qörə.

– Bölüşərsən?

– Hə, təbii. Mən sonra başa düşdüm ki, Allah məni bütün müharibəni saxladı ki, mən dostlarıma yardım edim. Hətta dostlarım mənə Qaya 11 ləqəbi vermişdilər.

– Onları xilas etdiyinə görə?

– Yəqin, mən onları mühasirədən bir neçə dəfə çıxartmışdım. Məqsədimi yerinə yetirdim və səkkiz noyabr tarixində əbədi Xocavənd istiqamətində qaldım. On biri də mənim ad günüm. Mən anadan olanda bacımın dörd yaşı var idi. Elə adımı da o verdi, öz adı Emiliya mən də oldum Emil (gülümsəyir).

– Sənin çox gözəl adın var.

– Çox sağ olun.


– Uşaqlıqda bacının sözünə baxırdın?

– Hə, mən sakit, sözə baxan uşaq idim. Bir az böyüyəndə atamla balıq tutmağa gedərdik. Bir də o mənə üzgüçülüyü öyrədərdi. Dostlarımla Kür çayında çimərdik yay aylarında. Maraqlı günlər idi..

– Dərslərlə aran necəydi bəs?

– Pis deyildi, amma hərdən qaçırdım oynamağa (gülür). Taxtadan, mismardan silah düzəldərdim quya düşmən mövqelərini aşkarlayıb məhv edirdim (gülür).

– Mən də uşaqlıqda silahla oynayırdım.

– Doğrudan? Bəs kuklalar?

– Təbii onlar da var idi, amma hər oyuncağın öz yeri.

İkimiz də güldük. Emil inanmaq istəmirdi ki, qız uşağı silahla oynayırdı. Xatırələr, xatirələr…

– Emil, Şarik yadında?

– Əlbəttə! Mənim itim! Kim deyib sizə? Emiliya? (gülür). Mən o Şarika öz yeməyimdən verərdim, çünki yeməklə o qədər də aram yox idi. Anam həmişə məcbur edərdi.

– Bəs Emiliya bilirdi?

– Bacımla çox yaxın idik. Evdə olarkən kart və ya şaxmat oynayardıq. Mən onu həmişə udmuşam (gülümsəyir).

– Bəs cəbhədə olmağından niyə xəbəri olmayıb?

– Narahat etmək istəmirdim, sonradan bildi, atam dedi ona… Həttə axırıncı dəfə ona mesaj yazdım ki, hər şey yaxşıdır…

– İndi zəng etməyə fürsət olsaydı nə deyərdin?

– Heç nə deməzdim. Sevgi olan yerdə sözlərə ehtiyac yoxdur. Mənim bu Vətənə və sevdiklərimə olan məhəbbətim ölümdən güclüdür. Təki məni sevgi və fəxr hissi ilə yadda saxlayın. Mən getdim!

– Əlvida, Baş Leytenant Emil Əsədov!

Teqlər: