Təhsil sistemində bir çox suallar var və bunlara cavab axtarmaq lazımdır – Emin Əmrullayev

Xəbər - Çingiz Səfərli – Trend:

Düzgün suallar qoymaqla və bunun ətrafında müzakirələr aparmaqla təhsil sistemini daha sürətli inkişafa təhrik etmək olar.

Trend xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Təhsil İnstitutunun 90 illik yubileyi münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, təhsil sistemində bir çox suallar var və bunlara cavab axtarmaq lazımdır. 20 ildir bu suallar verilir və onların da hansısa cavabları da var. Lakin təhsilin irəli getmə sürətinə görə bu sualların cavabları o qədər də təsir etmir.

“Azərbaycan bir çox beynəlxalq elmi tədqiqatlarda iştirak edir və nəticələrimiz elə də yüksək olmur. Reytinqdə niyə aşağıdayıq və günahkar kimdir? Bu suallara cavab tapmaq lazımdır. Şikayət etməklə sistem irəli getmir. Sistem o zaman irəli gedər ki, problemi qoyub onun həlli istiqamətində çıxış yolu tapaq”.


O qeyd edib ki, Təhsil İnstitunun təhsil sahəsində müəyyən uğurları var.

“Təhsil İnstitunda çalışdığım müddətdə 73-ə yaxın layihə idarə edirdik. Böyük təşəbbüslərə doğru irəliləyirik. İcma əsaslı məktəbəqədər təhsil müəssisələri ilə bağlı layihə bu gün 750-dən çox kənddə 15 mindən çox uşağa xidmət göstərir. Bu layihə vasitəsilə ucqar kəndlərdə olan 777 qadın işlə təmin oluna bildi”, – deyə nazir əlavə edib.

Teqlər: