Xəbər - Humay Ağacanova – Trend:
Yanvarın 26-da Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri – Milli Məclisin deputatı Etibar Əliyev, Məleykə Əlizadə və Pərvanə Məmmədova 2021-2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının monitorinqinin keçirilməsi məqsədilə Bakı Slavyan Universitetində (BSU) olublar.
Bakı Slavyan Universitetindən AzerTimes-a verilən məlumata görə,onlar BSU-nun Xarici dillər fakültəsində keçirilən semestr imtahanlarını və Təhsil fakültəsində Yekun Buraxılış Dövlət Attestasiyasını izləyib, imtahan sualları ilə tanış olub, tələbələrə uğurlar arzulayıblar. Həmçinin imtahan yoxlama və kodlaşdırma otaqlarının, Apellyasiya komissiyalarının, Əsaslı kitabxananın, Tərcümə və leksikoqrafiya elmi-tədqiqat laboratoriyasının fəaliyyəti ilə tanış olublar.
BSU-nun rektoru səlahiyyətlərini icra edən siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev payız semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi qaydaları, statistik göstəricilər barədə geniş məlumat verib. Vurğulanıb ki, BSU-da imtahan sessiyası tədrisin ənənəvi təşkilinə dair mövcud qaydalar və Təhsil Nazirliyinin müvafiq əmri əsasında keçirilir. Sessiyanın təşkilinə və gedişinə nəzarət etmək məqsədilə universitet rəhbərliyi, valideyn şuraları, tələbə təşkilatları, müvafiq struktur bölmələrin nümayəndələrindən ibarət İmtahan Qərargahı, fakültələrdə Apellyasiya komissiyaları fəaliyyət göstərir. İctimai Şuranın üzvləri imtahan sessiyasının şəffaf və obyektiv keçirilməsindən məmnun qaldıqlarını bildiriblər.
. Qeyd edək ki, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yaradılmış İctimai Şuranın əsas məqsədi Təhsil Nazirliyinin fəaliyyətində şəffaflığı artırmaq, eyni zamanda təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı əlaqələri gücləndirməkdir.BSU-da keçirilən monitorinq də bu istiqamətdə atılan addımlardan biridir.