Təhsil Nazirliyi qiymətləndirmə ilə bağlı məktəblərə müraciət edib

Təhsil Nazirliyi tərəfindən ölkədə yerləşən bütün dövlət ümumi
təhsil müəssisələrinə məktəbdaxili qiymətləndirmələrin rəqəmsal
formada təşkilinə dair müvafiq tövsiyələr verilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə bununla əlaqədar
olaraq, Təhsil Nazirliyinin 146-4 “Qaynar xətt” xidməti ümumtəhsil
məktəblərindən daxil olan müraciətlərin cavablandırılması üçün
fəaliyyət göstərəcək. Belə ki, proses zamanı hər hansı çətinliklə
üzləşildiyi hallarda qeyd edilən “Qaynar xətt” xidmətə müraciət
edilə bilər.

İnternet bağlantısının kəsilməsi, proqram təminatında və
kompüter avadanlıqlarında yaranmış problemlər, eləcə də
təhsilalanların istifadəçi adı və şifrəsinin bərpasında ortaya çıxa
biləcək proqnozlaşdırılmamış hallarla bağlı xidmət tərəfindən
operativ dəstək göstəriləcək.

Qeyd edək ki, rəqəmsal summativ qiymətləndirmə təhsilalanların
nailiyyətlərinin kompüter avadanlıqlarından və müvafiq proqram
təminatından istifadə edilərək qiymətləndirilməsidir. Texniki
təminat və internet olmadığı təqdirdə ümumi təhsil müəssisələrində
summativ qiymətləndirmələr ənənəvi formada (kağız üzərində) təşkil
olunmalıdır.

Teqlər: