Təhsil naziri UNEC-də olub (FOTO)

Aprelin 13-də Azərbaycan Respublikasının Təhsil naziri Emin
Əmrullayev UNEC-də olub, müəllim və tələbələrlə görüşüb.

Görüşdən öncə nazir Emin Əmrullayev və UNEC-in rektoru professor
Ədalət Muradov şəhidlərin Memorial-Xatirə Kompleksini ziyarət
edərək, önünə əklil qoyub və əziz xatirələrini ehtiramla yad
ediblər.

Sonra Təhsil naziri Emin Əmrullayev UNEC-in 7/24 kitabxanası,
Ekstern Mərkəzi ilə tanış olub. Nazirə kitabxana, oxu zalı, Ekstern
mərkəzi barədə ətraflı məlumat verilib. Emin Əmrullayev UNEC-də
yaradılan hibrid auditoriyalara da baxış keçirib. Universitetdə
hazırda 50 hibrid auditoriyanın fəaliyyət göstərdiyi, daha 50
auditoriyanın da yaxın zamanlarda istifadəyə veriləcəyi nazirin
diqqətinə çatdırılıb.

Səfər çərçivəsində UNEC-in yeni yaradılmış muzeyin açılışı olub.
Nazir UNEC-in yaranması tarixi barədə məlumatlandırılıb və tarixi
sənədlərlə tanış olub.

Emin Əmrullayev ölkəmizdə ilk dəfə olaraq UNEC-də fəaliyyətə
başlayan Bloomberg Maliyyə Laboratoriyasının açılışında da iştirak
edib. Bildirilib ki, 12 Bloomberg terminalından ibarət olan
laboratoriya UNEC-in bu sahədə dünyanın qabaqcıl universitetləri
ilə eyni imkana malik olmasına və universitetdə keyfiyyətli
araşdırma mühitinin yaradılmasına imkan verəcək. UNEC ölkənin
təhsil sektorunda bu tip laboratoriyanın qurulmasında ilk və tək
olmaqla, ölkədə maliyyə bazarlarının inkişaf etdirilməsinə böyük
töhfə verəcək və öz məzunlarının əmək bazarında işlə təmin
olunmasında üstünlüyə malik olacaqdır.

UNEC-lə tanışlıqdan sonra təhsil naziri və professor Ədalət
Muradov tələbələrlə görüşüblər. Rektor bakalavr və magistratura
pilləsi üzrə tələbə qəbulu barədə məlumat verərək, qəbulda yüksək
nəticələrin əldə olunduğunu qeyd edib. UNEC-in tədqiqat
universitetinə çevrilməsi məqsədilə universitetdə magistrlərin
payının daha da artırılacağını diqqətə çatdırıb.

Təhsil naziri Emin Əmrullayev ölkədə ali təhsilin inkişafı
istiqamətində görülən işlərdən, gələcək prioritetlərdən, tələbələrə
dövlət dəstəyindən, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil
müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün
Dövlət Proqramı”nın mahiyyətindən danışıb. Tələbələrə fərdi
bacarıqlarını inkişaf etdirməyi, elmi tədqiqatlara marağı daha
artırmağı, innovativ layihələrdə fəal olmağı tövsiyə edən nazir,
UNEC-də bu istiqamətdə bütün imkanların yaradıldığını
vurğulayıb.

Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.

Təhsil naziri gənc müəllimlərlə də görüşüb. Görüşdə rektor
universitetdə gənc müəllimlərin işə qəbulu ilə bağlı görülən
işlərdən danışıb. Hazırda müəllimlərin 30 faizini gənc müəllimlərin
təşkil etdiyini və bu prosesin davam etdiriləcəyini deyib.

Gənc müəllimlərin tədrisə cəlb olunmasının vacibliyindən söz
açan nazir, son illər bu istiqamətdə müsbət tendensiyaların
yarandığını deyib. Emin Əmrullayev gənc müəllimlərin tədrisin
keyfiyyətinin artırılmasındakı rolundan, universitetlərin
reytinqinə təsir edən amillərdən, kadr potensialının
formalaşdırılmasından söz açıb. Ali təhsil sahəsində bu istiqamətdə
aparılan islahatlar və görülən işlər barədə məlumat verib.

Görüşün sonunda təhsil naziri gənc müəllimlərin təkliflərini
dinləyib və suallarını cavablandırıb.

Teqlər: