Azərbaycanla İran arasında münasibətlərdə bir müddət əvvəl hakimiyyətlərin başladığı yumşalma prosesi artıq cəmiyyətlərə sirayət etməkdədir.
AzerTimes xəbər verir ki, Azərbaycan və İran prezidentlərinin sərhəddə görüşü ilə açılan yeni səhifə Prezident İbrahim Rəisinin helikopter qəzasında həlak olmasından sonra dalana dirənmədi, əksinə, hər iki tərəf götürülən öhdəliklərə sadiqliyini nümayiş etdirdi.
Erməni ekspertlər bildirirlər ki, İbrahim Rəisinin həlak olduğu qəzaya Azərbaycan mediası və ictimaiyyətinin həssaslığı, Rəisi ilə bərabər ölənlərə (xüsusilə Təbrizin nüfuzlu imamı) Bakıdan reaksiyalar xalqlar arasında münasibətlərdə də dəyişiklik yaradıb. İranda keçirilən prezident seçkiləri, Məsud Pezeşkianın prezident seçilməsinə Azərbaycan ictimaiyyətinin qeyri-adi münasibəti, xüsusilə seçkilərin demokratikliyinə heç bir şübhə etməməsi ilə iki dövlətin ictimaiyyəti arasında yaxınlaşmalar da güclənib.
Onların müşahidələrinə görə, Azərbaycan mediasında və sosial şəbəkələrində İrana nifrət notları kəskin şəkildə azalıb, bir azərbaycanlının prezident seçilməsinə mane olmadığına görə İran rejiminə münasibət dəyişib və bu baxış İran ictimaiyyətinə də ciddi təsir edib. Erməni politoloqlar İranın heç də yekcins olmayan cəmiyyətinin bütünlüklə Azərbaycana yanaşmalarında köklü dəyişikliklərdən təəccüblərini gizlətmirlər. Qeyd edilir ki, hətta Azərbaycana münasibətdə hər zaman “hədə” mövqeyindən çıxış edən SEPAH kanallarında da artıq Azərbaycan Respublikasına təhdidlər yox səviyyəsindədir.
Pezeşkianı ilk təbrik edənlər sırasında İlham Əliyevin olması, İran prezidentini Azərbaycana səfərə dəvət etməsi, o cümlədən Tehranda səfirliyin fəaliyyətini bərpa etməsi dövlətin atdığı addımlardır. Ermənistan siyasilərini isə ən çox narahat edən cəmiyyətlərin bir-birinə münasibətinin müsbətə doğru sürətli inkişafıdır. Bunun iki ölkə arasında əlaqələrə daha da təkan verəcəyi, onillərdir Ermənistanı birmənalı şəkildə dəstəkləyən İranın mövqeyindən geri çəkiləcəyinə səbəb olacağı qorxusunu erməni ekspertlər açıq etiraf edirlər.