Nə Ermənistan İranla hərbi əməkdaşlıq edə bilər, nə də İran Ermənistanla. Məsələn, İrəvan heç vaxt Fransa ilə Tehranı bir araya gətirə bilməz. Digər tərəfdən, Ermənistanın da İrana baxışı göstərdiyi qədər səmimi deyil. Bu, sadəcə, oyunun bir hissəsidir. Ermənistan İranın regiondakı xarici siyasətini çox yaxşı bilir. Ona görə İranı əldə saxlamağa çalışır, əslində isə öz oyununu oynayır. Paşinyan hakimiyyətdə olduğu müddətcə və qərbyönlü siyasətini davam etdirdikcə, bu yaxınlıq heç vaxt baş tutmayacaq. Rusiyanı belə regionda zəiflətməyə çalışdığını nəzərə alsaq, heç Qərb də buna imkan verməyəcək.
Bu sözləri AzerTimes-a açıqlamasında İranın Azərbaycandakı keçmiş səfiri, politoloq Əfşar Süleymani İran və Ermənistan münasibətləri və İranın Ermənistana hərbi əməkdaşlıq təklifini şərh edərkən bildirib.
“İran əvvəllər Azərbaycanı qərbyönümlü siyasət aparmaqda ittiham edib, ancaq vaxt gələcək Ermənistan Qərblə indikindən onqat daha artıq əməkdaşlıq ediləcək. Hazırda Qərblə birgə təlimlərin təşkili, Fransa ilə əməkdaşlığın dərinləşməsi və s. buna nümunədir. Tehran İrəvanın sürətlə Qərbə üz tutmasına və hərbi əməkdaşlığına göz yummağa çalışsa da, uzun müddət etinasız qala bilməyəcək. Çünki bunlar tamamilə ayrı mövqelərdir”.
Ekspert bildirib ki, haçan Ermənistan Azərbaycanın sülh təklifi ilə razılaşar, Türkiyə ilə münasibətləri normallaşdırarsa, İran-Ermənistan münasibətləri tamamilə fərqli olacaq və zəifləyəcək:
“Tehranın İrəvana üstünlük verməsinin əsas səbəblərindən biri Azərbaycanın qərbyönümlü siyasət yürütdüyünü düşünməsi olub. Baxmayaraq ki, Bakı həmişə balanslı siyasət aparıb. Digər bir amil isə Azərbaycan Tehranın xarici siyasətinə əsas yön verən “siyasi islam” amilindən, İran isə Vahid Azərbaycan amilindən həmişə ehtiyat edib. Etnik doğmalıq əksər hallarda yaxınlıq səbəbi olsa da, Tehran və Bakı arasında bu faktor tam əks-effekt verərək, iki dövlət arasında uzaqlığa gətirib çıxarıb. İran azərbaycanlıların ayağa qalxmasından və ayrılıq tələbindən qorxur. Buna görə də İran Azərbaycanın problemlərinin həll olunmasını istəmir. İran həmişə milliyyətçilik məsələsi qarşısında islamçılıq ideyasını qoyub. Bununla düşünür ki, Azərbaycanda siyasi islam qabağa gedərsə, Güney Azərbaycan məsələsi teorik olaraq kölgədə qalar. Əvvəllər bu məsələləri belə açıq şəkildə dilə gətirmək mümkün deyildi. Lakin Azərbaycanın qələbəsi və Qarabağın qaytarılması bütün sirləri açdı, qaranlıqda qalan məsələlərin üstündəki pərdələri götürdü”.
O, bütün bu problemlərin həll yolunu iki dövlət arasında real əməkdaşlığın aparılmasında gördüyünü vurğulayıb:
“Mənim fikrimcə, İran milli mənafeyini qorumaq istəyiriksə, mütləq Azərbaycanın yanında olmalıyıq. Bu hərbi əməkdaşlıq olmaya da bilər. İran Azərbaycanı öz səmimiliyinə inandıra, iqtisadi və diplomatik əlaqələri gücləndirə bilsəydi, hətta Ermənistanla normal qonşuluq əlaqələri qalsa belə, Bakının Tehrana inamı artar və bu, hər iki tərəfin də xeyrinə olardı. O zaman İranın da başqa alternativə ehtiyacı qalmazdı. Təəssüf ki, hər iki tərəfdə də qarşılıqlı inamsızlığın olduğunu nəzərə alsaq, bu vəziyyətdə geri dönüb əlaqələri yenidən başlatmaq və münasibətlərin axarını dəyişmək çox çətin görünür”.