Tehranın ən böyük həbsxanaları boşaldılır: nə baş verir?

Tehranın ən böyük həbsxanaları boşaldılır: nə baş verir?

Tehranın bir neçə məşhur zindanı paytaxtdan köçürülür. Avqustun 5-dən köçürülmə prosesinə start verilib. Artıq bir həbsxana tamamilə boşaldılıb. İran rejiminin əsas simvolarından hesab edilən həbsxanaların mərkəzdən uzaqlaşdırılması müzakirələrə səbəb olub.

Bu sözləri AzerTimes-a insan haqları müdafiəçisi, güneyli fəal Əqdəm Təbrizli Tehranda zindanların boşaldılmasından danışarkən deyib.

Avqustun 5-də məşhur Rəcayişəhər həbsxanasının boşaldıldığını deyən güneyli fəal məhbusların bölüşdürülərək, digər həbsxanalara yerləşdirildiyini bildirib:

“Rəcayişəhər zindanı boşalandan sonra növbə Qızılhasara çatıb. 307 hektar ərazisi olan zindanın avqust ayının sonlarına kimi boşaldılması planlaşdırılır. Qızılhasar nəinki İranda, hətta Orta Şərqdə mövcud olan ən böyük həbsxanalardan sayılır. 1964-cü ildə Pəhləvilər dövründə tikilib. 5 min məhbus üçün nəzərdə tutulsa da, indi 20 min insan burada cəza çəkir. Bu qədər insanı plansız şəkildə hara və necə gəldi köçürmək düzgün deyil”.

Milli fəal zindanların köçürülməsində diqqət çəkən məqamlara toxunub:

“Bir ay ərzində iki həbsxananın tələsik boşaldılması təsadüf ola bilməz. Zindanların köçürülmə səbəbləri müxtəlif cür yozulur. Lakin səslənən versiyalar arasında bir neçəsi daha məntiqlidir. Belə ki, İranda edamların və işgəncələrin olduğu yer kimi ad çıxaran iki zindanda çoxlu insan qətlə yetirilib. Baş verən cinayətlərin izini itirmək məqsədilə bu zindanları köçürürlər. 1988-ci ilin avqust ayında Xomeyninin əmri ilə həmin həbsxanalarda 7 günə 4482 nəfər günahsız insanı edam ediblər. Onların çoxu siyasi məhbuslar idi”.

Zindanların qarşısında daima izdiham yaşandığını vurğulayan fəal bildirib ki, rejim bu addımı insanların bir araya toplaşmasına əngəl yaratmaq üçün ata bilər:

“Tez-tez bu həbsxanaların qarşısında etiraz aksiyaları olur. Əsasən, edam cəzası alanların haqlarını müdafiə məqsədi ilə zindanın önündə mitinq keçirirlər, yaxud siyasi məhbusların yaxınları etiraz səsləri eşidilsin deyə daima həbsxanaların qarşısına toplaşır. Rejim isə insanların bir yerə toplaşmasından ehtiyat edir. Odur ki, belə zindanları paytaxtdan uzaqlaşdırmaq istəyir”.

O, zindanların dövlət əmlakı olaraq satılacağı ilə bağlı xəbərlərin gəzdiyini də bildirib:

“Xameneinin təşəbbüsü ilə 2021-ci ildə yaradılan komissiya dövlətin istifadə olunmayan əmlakı ilə bağlı layihə hazırladı. 2022-ci ilin sonunda qərar təsdiq olundu. Layihəyə əsasən, dövlətə məxsus istifadəsiz əmlaklar satışa çıxarılacaq. Bir çoxlarının fikrinə görə, şəhərin yaşayış yerlərinə düşən zindanlar boşaldıqdan sonra, istifadə olunmayan dövlət malı kimi qeydə alınaraq, satılacaq. Bu ərazidə yerləşən zindanların fantastik qiymətə satılacağı deyilir. Hətta Kərəc Şəhər Şurası Qızılhasar zindanının yerində əyləncə mərkəzi yaradılması istəyi ilə çıxış edib”.

Tehranda hazırda 16 zindan olduğunu deyən insan haqları müdafiəçisi bildirib ki, Qızılhasardan sonra növbə Evin həbsxanasına çatacaq:

“Evin zindanında bir çox siyasi məhbuslar saxlanıldığından burada köçürülmə prosesi hələ başlamayıb. Lakin tezliklə Evin həbsxanası da köçəcək. Rejim üçün əhəmiyyətli yerlərdən hesab edilən Evin zindanının boşaldılması sıradan bir hadisə deyil. Həbsxananın 40 hektar ərazisi var. Edamların çoxu məhz bu zindanda reallaşır.

Hətta, İranda bütün həbsxanalar Ədliyyə Nazirliyinə tabe olsa da, Evin zindanının 209 və 240 nömrəli korpusu ETTELAAT-a, 2a bölməsi isə SEPAH-a aiddir”.

Teqlər: