Tehranın Bakıdan gizlətdiklərini hakerlər üzə çıxardı

Tehranın Bakıdan gizlətdiklərini hakerlər üzə çıxardı

Xalq Mücahidləri Təşkilatına aid olduğu deyilən “Rejimi devirmək üçün inqilab” adlı haker qrupunun ələ keçirdiyi gizli sənədlərdə yeni faktlar ortaya çıxıb. Məlum olub ki, İran Prezidenti İbrahim Rəisi etiraz aksiyalarını yatırmaq və müxaliflərə qarşı repressiyaları gücləndirmək üçün 10 trilyon tümən vəsait ayrılmasına razılıq verib.

Bu sözləri AzerTimes-a güneyli jurnalist Cavad İsmayılbəyli ələ keçən sənədlər haqqında danışarkən deyib.

O, ayrılan vəsaitin hansı istiqamətə xərcələnə biləcəyini də qeyd edib:

“Məxfi sənəddə İranda son etiraz aksiyasını yatırmaq üçün ayrılan büdcədən bəhs olunur. Silahlı Qüvvələrin Baş Qərargah rəisi Məhəmməd Bagiri və Tehranın Sarallah hərbi qərargahı rəisi dövlətdən etirazları yatırmaq üçün təcili 10 trilyon tümən pul büdcə istəyiblər. Ayrılan pullar isə zəruri yardımlar adı altında hərbi maşınlar, kiçik nəqliyyat vasitələri, xüsusi geyimlər, hərbi təchizatlar, hər yerdə təhlükəsizlik kameralarının quraşdırılması, universitetlərdə xüsusi qapıların yerləşdirilməsi, spirtli içkilərin alınmasına xərclənmək üçün nəzərdə tutulub. Etirazları yatırmaq üçün fiziki gücü olan şəxslərdən istifadə ediblər. Bu cür insanlara pul ilə yanaşı, yemək-içmək və əyləncə məclisləri təşkil olunub. Onları hətta narkotik maddələrlə təmin ediblər. Bəzilərinə ov tüfəngləri paylanıb. Çirkli pullar vasitəsi ilə alınan bu silahlar dövlət qeydiyyatından keçməyən tüfənglər idi. Etirazçıları bu cür silahlarla atəşə tuturdular”.

C.İsmayılbəyli Azərbaycan səfirliyinə hücumla bağlı haker qrupunun ələ keçirdiyi sənədlərə də diqqət çəkib:

“Rejimi devirmək üçün inqilab” adlı haker qrupu kiber məkanda çox fəaldılar. Məxfi sənədlərin ələ keçirilərək yayılmasını onlar həyata keçirir. Tehrandakı Azərbaycan səfirliyinə hücumla bağlı gizli yazışmaları onlar aşkara çıxarmışdı. İran hücumu əvvəl boynuna almırdı. Amma o sənəddə Kəşfiyyat İdarəsi prezidentə bir məruzə göndərir və orada səfirlik binasına hücumun necə təşkil olunması ilə bağlı hər şeyi yerbəyer yazır. Azərbaycana etiraf etməsələr də, öz aralarındakı yazışmalarda həqiqətlər üzə çıxır”.

O, məxfi məlumatların hakerlər tərəfindən deyil, İran hökumətinin bilərəkdən sızdırması məsələsinə də münasibət bildirib:

“Haker qrupu ilkin sənədləri bir neçə ay bundan öncə yaymağa başlayıb. Çox güman ki, bu məlumatları satırlar. İran dövlətinin məlumatları bilərəkdən özünün sızdırması ilə bağlı yayılan xəbərlər doğru ola bilməz. Bunların hamısı birbaşa beynəlxalq cinayət məsələləri olduğundan özlərinə problem yaratmazlar”.

Teqlər: