Tehranda Bakı “həyəcanı”: Ermənistanın cənubu qoparılır

Tehranda Bakı “həyəcanı”: Ermənistanın cənubu qoparılır

Tehranda İranın Müasir Tarixi Tədqiqat Mərkəzində “Cənubi Qafqazda sionizm təhlükəsi” adlı konfransda “Avrasiyada anqlosaks düzəninin işığında pantürkizm və sionizmin əlaqəsi” mövzusunda çıxışlar edilib.

AzerTimes xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Tədbirin əsas məruzəçisi Tehran Universitetinin beynəlxalq hüquq üzrə professoru Əhməd Kazımi növbəti dəfə Azərbaycan Respublikasına qarşı böhtanlar səsləndirib.

O, Türk Dövlətlər Təşkilatının yaradılmasını “sionizm və anqlosaks planı” adlandırıb, xristian-sion fenomeni olduğu kimi, indi də müsəlman-sion fenomeninin yaradılmasına çalışıldığını iddia edib:

“Anqlosaks düzəninin məqsədi Rusiya düzəninin dağıdılması, İran düzəninin qarşısının alınması, Qafqaz və Orta Asiyada Çin düzəninin yaradılmasına mane olmaqdır. Nikol Paşinyanın hakimiyyətə gəlməsi, İkinci Qarabağ müharibəsinin baş verməsi də yuxarıda qeyd olunan planın tərkib hissəsidir. Bundan sonra Ermənistanın cənub bölgəsinin bu ölkədən qoparılması planlaşdırılır”, – Əhməd Kazımi deyib.

Çıxışında Qarabağın işğaldan azad olunmasından narahatlıq keçirdiyi hiss olunan tədqiqatçı Azərbaycan Respublikasının sionizmin bazasına çevrildiyini iddia edib. O, İran rəsmilərinin Cənubi Qafqazda vəhhabiliyin yayılması barədə iddialarını təkrarlayıb, Azərbaycan Respublikasının bu məsələdə əsas rol oynadığını söyləyib:

“Bütün bunlarda müştərək məqsəd panazəriləri turanlaşdırmaq və azərbaycanlıların əsl iranlı kimliyini məhv etmək, erməni soyqırımı barədə həqiqətləri ört-basdır etmək, fars dili, mədəniyyətini zəiflətmək, aradan qaldırmaqdır”.

Teqlər: