İş başlamadan, İrandakı səfirliyimizə hücum haqda heç bir məlumat yayılmadan hüquqşünas Səməd Vəkilov bir yazı göndərmişdi: bu gün – 27 yanvar türk diplomatlarına ilk terror hücumunun 50-ci ildönümüdür: Qurgen Yanikyanın 27 yanvar 1973-cü ildə iki türk diplomatı qətlə yetirməklə, “erməniləri ardınca səslədiyi” tarixdir bu gün.
S.Vəkilov yazının ardınca zəng də etdi: 44 günlük savaşdan sonra ermənilər Los-Ancelesdəki konsulluğumuza Yanikyanın fotosunu asmışdılar, Ermənistan Qurgen Yanikyanın sümüklərini 5 may 2019-cu il tarixində Ermənistana gətirərək, onu qəhrəman kimi dəfn edib, bu terrorçunu özlərinə nümunə ediblər. Bu, ermənilər üçün sıradan tarix deyil.
Aradan dəqiqələr keçdikdən sonra İrandakı səfirliyimizə hücum xəbəri yayıldı.
Bir hüquqşünas, bir ziyalı bunu bilirsə, Azərbaycanın diplomatik korpusları bu faktı necə gözardı edə bilərdilər? Həm də İran kimi düşmən ölkədə fəaliyyət göstərən diplomatik korpusun mühafizəçiləri. Bu barədə onlara xəbərdarlıq edilməyibmi?
Videodan görünür ki, terrorçu güdükdə dayanır, səfirliyə kiminsə gəlməsini və qapının açılmasını gözləyir və səfirlik əməkdaşının ardınca dərhal özünü çatdırır. O, maşını səfirliyin qapısı ağzında dayanan maşına çırparkən içəridən səfirlik işçisinin səsə görə çölə çıxmaq istədiyi, əliavtomatlını görəndə isə qapını tutmadan içəri qaçdığı görünür.
Səfirliyin qarşısında hər hansı qəza səsi eşidərkən, qapının açılmamalı olduğunu daxili təlimatda səfirlik əməkdaşlarına izah ediblərmi? İran kimi düşmən ölkənin içində necə belə arxayın davranmaq olar – həm də bu tarixdə, Yanikyanın türk diplomatlara qarşı qətliam həyata keçirdiyi tarixdə?
Bu, qətiyyən o anlama gəlmir ki, İrandakı səfirliyimizə hücumun erməni terrorçuları tərəfindən həyata keçirildiyini düşünürük. Qətiyyən! Bu tarixi İran xüsusi xidmət orqanlarının həyata keçirdiyi ehtimalı olduqca yüksəkdir. Tarix isə qəsdən 27 yanvar seçilib – bu tarixin seçilməsində məqsəd terror hücumu ilə bağlı ehtimalların məhz “Yanikyan olayı” ilə pərdələnməsidir.
Əks halda İran XİN bu olayı dərhal pisləyər, cinayətkarın və onun arxasında dayananların cəzalanacağını elan edər, Bakıdan üzr istəyərdi. İran XİN sözçüsünün hadisə ilə bağlı açıqlamasında Azərbaycana başsağlığı, üzülmə, narahatlıq-filan yoxdur; bütün dünya Azərbaycana başsağlığı verir, İran XİN hələ rəsmi başsağlığı yaymayıb! Əvəzində isə hadisə baş verəndən dərhal sonra Tehranın polis rəisi bunun “məişət zəminində” olduğu görüntüsünü yaratmaq üçün əbləhcəsinə gülünc bir iddia ortaya atır və İran XİN də dərhal bunu təkrarlayır.
İran polisi istintaqı nə zaman apardı? Hansı istintaq-əməliyyat tədbirləri həyata keçirdi? Necə bu qənaətə gəldi – bilinmir. Əksinə, bu açıqlama sübut edir ki, ssenari və onun “törədilmə səbəbi” barədə əvvəlcədən hazırlıq görülüb.
Bəlkə də molla rejimi bu qədərini düşünməyib – kifayət qədər hazırlıqlı olduğu görünən və Yasin Hüseynzadə olduğu bildirilən terrorçunun azərbaycanlı mühafizəçi tərəfindən sağ ələ keçiriləcəyini bəlkə də hesablamayıblar: terrorçu ya qaçıb getməli, ya da yerində zərərsizləşdirilməli idi. Azərbaycanlı mühafizəçinin, Zaxarovanın sözləri ilə desək, məhz “şir kimi döyüşməsi” nəticəsində terrorçu sağ ələ keçirildi. Bu zaman isə Tehran polis rəisi gülünc açıqlama ilə yeni yalanı İran XİN-ə ötürdü.
ETTALAAT-ın necə güclü çalışdığı hər kəsə bəllidir. Xüsusilə indki zamanda – Tehranda aksiyaların keçirildiyi anda bir nəfərin maşınında silah gəzdirməsi mümkündürmü? Maşınında silah olan şəxsin gəlib, Azərbaycan səfirliyinin yanında güdükdə durması, qapının açılacağı anı gözləməsini İran polisi, SEPAH, hər yeri saran “Bəsic” qüvvələri necə görməyə bilərdilər? Səfirliklərin təhlükəsizliyindən cavabdeh olanlar küçədə bəlkə də bir saat gözləyən terrorçunu heçmi fərq etməyiblər?
Bu teraktın arxasında İran xüsusi xidmət orqanlarının dayandığına heç bir şübhə yoxdur və bunun çox dəhşətli səbəbi var. Ermənistana “Şahid” PUA-ları, İran raket sistemləri bağışlanıb, iranlı mütəxəssislər ermənilərə təlim keçirlər və İrəvanı savaşa hazırlayırlar. Bu, İranın Azərbaycanla Ermənistan üzərindən savaş hazırlığından başqa bir şey deyil.
Azərbaycana qarşı Ermənistanı vasitə edən İran Azərbaycan səfirliyinə hücum aktında da erməni Yanikyan olayını tutalcağ kimi seçib.
İran artıq bütün kartlarını açıb və tam düşmən mövqeyinə keçib və bu, təzə xəbər deyil.
Buna qarşı yalnız Ordumuzun deyil, hər kəsin hazırlıqlı olması barədə aylardır çağırış edirik. Əvəzində səfirliyimiz açıq-aşkar düşmənçilik edən bir ölkədə sanki qardaş dövlətdəymiş kimi davranır…