Hökumət Urmu gölünü qəsdən qurudur. Ona görə də millətin bu istiqamətdə etiraz aksiyası keçirməsinə icazə verməyəcək.
Bu sözləri AzerTimes-a güneyli milli fəal Qədir Cəliloğlu Ərdəbildə avqustun 27-də Urmu gölü ilə bağlı keçirilməsi nəzərdə tutulan etiraz aksiyasından danışarkən deyib.
O, hökumətin aksiyanın keçirilməsinə icazə verməsi ilə bağlı yayılan xəbərlərə toxunaraq, surəti yayılan məktubun tam olaraq icazə məktubu olmadığını bildirib:
“Ərdəbil vilayətinin başçısına etiraz aksiyasının keçirilməsi üçün məktub göndərilib. Bu məktub icazə almaq məktubudur. Məktubda Urmu gölünün quruması və Araz çayının çirklənməsindən bəhs edilir. Müraciət edənlər avqustun 27-də Ərdəbilin Şəriət meydanında etiraz aksiyası keçirmək istəklərini bildirib. Böyük etimalla icazə verilməyəcək. Çünki bu gölün qurumasına rejim özü fərman verib. SEPAH komandirlərindən biri Urmu gölünün müdafiəsinə etiraz edənləri dövlət nizamını pozmaqda günahlandırıb. Düşünmürəm ki, İran rejimi azərbaycanlılara qarşı geri addım atsın. Əksinə, bacardığı qədər onlara təzyiq göstərəcək. Artıq 4 fəal xanımı ETTELAAT-a çağırılıblar, digər milli fəalları isə həbsə atıblar. Heç bir şəkildə azərbaycanlıların bu istiqamətdə fəallıq göstərməsinə imkan verməzlər”.
Qeyd edək ki, bəzi sosial şəbəkələr milli fəallar Aqil Azərdoxt və Əbdüləziz Əzim Qədiminin Ərdəbil vilayətinin başçısı ilə görüşərək, etiraz aksiyası keçirmək üçün icazə aldıqları haqda xəbərlər paylaşıblar.