Birləşmiş Millətlər Təşkilatının Milli Azlıqlarının 16-cı forumunda Güney Azərbaycandan olan milli-mədəni fəalların həbsi barədə hesabat təqdim edilib.
AzerTimes xəbər verir ki, bu barədə Azərbaycan İnsan Haqları Cəmiyyəti (ƏRK) məlumat yayıb.
Cəmiyyətin nümayəndəsi Mənsur Seyfi forumda çıxış edərək, İran hökumətinin qeyri-fars millətlərə qarşı ayrı-seçkilik siyasətlərindən danışıb:
“İran təhlükəsizlik sistemi davamlı olaraq milli kimlikləri uğrunda fəaliyyət göstərən Güney azərbaycanlı fəalları təqib və həbs edir”.
Seyfi hazırda İran həbsxanalarında saxlanılan fəallar barədə məlumat verib, onların həbsinin qanunsuz və hüquqi əsası olmadan həyata keçirilən özbaşına hərəkət adlandırıb.
Hesabatda İran həbsxanalarında saxlanılan milli fəalların azadlığa buraxılması istənilib.