Azərbaycanın İsraildə səfirlik açması İrandan ölkəmizə qarşı yönələn təxribatlara, düşmən münasibətə qarşı həm də bir növ cavab idi.
Bu sözləri AzerTimes-a İran parlamentinin İsraildə səfirlik açdığı üçün ölkəmiz haqqında qəbul etdiyi bəyanatla bağlı danışan siyasi şərhçi Turab Rzayev deyib.
O, İranın arqumentlərinin əsassız olduğunu qeyd edib:
“Necə oldu Azərbaycan səfirlik açdı? İran heç bir əsas olmadan Azərbaycanı Zəngəzuru işğala və Tehran ilə İrəvan arasındakı quru əlaqəsini kəsməyə hazırlaşmaqda günahlandırdı. Halbuki Azərbaycan indi də Ermənistana ərazi bütövlüyünün qarşılıqlı tanınmasını, Qarabağa iddialardan əl çəkməyi, ordakı erməni əhalinin reinteqrasiyasına mane olmamağı təklif edir. İran getdi tez-tələsik heç yüz min əhalinin yaşamadığı Qafanda Baş konsulluq açdı. Guya Azərbaycan oraya hücum edəcək və əgər binaya ziyan dəysə, bu, İranın əlində ölkəmizə qarşı müharibəyə başlamaq üçün əsas olacaq. Bunu bəhanə gətirib bizim sərhədimizdə hətta ardıcıl təlimlər keçirdilər. Hətta Arazın üzərindən keçməyi də məşq etdilər. Azərbaycan da İranın sadaladığımız addımlarına cavab kimi İsraildə səfirliyin açılması məsələsini tezləşdirdi. Biz düşmənçilik toxumu əkməmişik, dövlətimiz İranın davranışlarına qarşı reaktiv münasibət göstərib”.
Siyasi şərhçi İranın müsəlman aləmini Azərbaycanı qınamağa çağırmasını absurd hesab edib:
“İran bəyanatda hansı ərəb və islam ölkələrindən bəhs edir? Bu ölkələrin bir çoxu hazırda İsraillə əlaqələrini bərpa edib. Türkiyə, İordaniya və Misirin İsraildə uzun müddətdir ki, səfirlikləri var. Səudiyyə Ərəbistanı, Küveyt, Oman, Qətər, Bəhreyn isə “İbrahim müqavilələri” çərçivəsində öz səfirliklərini bərpa etdilər. İran yalnız özü İsraillə düşmən münasibətdədir. Əgər dərin qatlara ensək, burada da sual doğuran məqamlar var. İran Azərbaycanı da İsraillə diplomatik münasibətlər qurmamağa məcbur etmək istəyir. İsrail bu yaxınlarda İranla sərhəddən cəmi bir neçə kilometr uzaqlıqda olan Aşqabadda öz səfirliyini açmaq hazırlığındadır”.
Turab Rzayev İranın Azərbaycanı nəzərə almadan Qafanda baş konsulluq açdığını, ondan sonra isə Tehranda səfirliyimizə qarşı terror aktı törədildiyini vurğulayıb:
“Digər önəmli məqam isə odur ki, Azərbaycan İsraildə səfirlik, Fələstində isə nümayəndəlik açmaqla ədalətli və tərəfsiz davranıb. Xarici işlər naziri Ceyhun Bayramov hətta İsrail və Fələstində keçirilən rəsmi görüşlərdə də balansı qorudu. Belə olduğu halda Azərbaycanı necə israilpərəstlikdə, yaxud Fələstinə və müsəlman aləminə düşmənçilikdə günahlandırmaq mümkündür? Bu addım Azərbaycanın həm İsraili, həm də Fələstini ayrıca müstəqil siyasi struktur kimi tanıması deməkdir. Bəs İran Qafanda baş konsulluq açanda Azərbaycanı nəzərə aldımı? Yaxud ölkəmizin Ərdəbil, Həmədan, Qəzvin, Urmiya və s. şəhərlərdə konsulluq açılmasına imkan verilibmi? Əksinə, İranın Qafandakı baş konsulluğunun fəaliyyətə başlamasından cəmi üç ay sonra Tehrandakı səfirliyimizdə terror aktı törədildi. Ona görə də səfirliyimiz öz fəaliyyətini dayandırdı, səfir də qeyri-müəyyən müddətə geri çağırıldı. İran Azərbaycanı bəyannamə ilə təhdid etmək yerinə diplomatik münasibətləri düzəltməyə çalışmalıdır. Belə gedişatla, fikrimcə, artıq Tehranda səfirliyimiz tamamilə bağlanacaq. Artıq ölkəmizə notanı belə “Səhər” telekanalından elan edirlər, münasibətlərin davamı üçün demək olar ki, bütün vacib diplomatik kanallar bağlanır. Təbrizdəki Baş konsulluğumuzu da gah bağlamaqla, gah orada da terror aktı törətməklə təhdid edirlər, gah da mitinq keçirirlər. İran parlamenti yaxşı olar ki, atdığı addımlar haqqında fikirləşsin, münasibətləri tamamilə qırılma, sıfır nöqtəsinə gətirib çıxarmasın. Çünki bu hazırki sanksiyaların, siyasi təcrid prosesinin olduğu bir vaxtda ən çox onların özlərinə zərər verəcək”.